
2026-cı ildən etibarən Azərbaycanda kiçik və orta sahibkarlar üçün vergi qanunvericiliyində mühüm yeniliklər qüvvəyə minir. Bu dəyişikliklər əsasən nağdsız ödənişləri qəbul edən, POS-terminaldan istifadə edən və ƏDV qeydiyyatında olmayan biznes subyektləri üçün nəzərdə tutulub. Yeni qaydalar həm vergi yükünü azaltmağı, həm də ölkədə nağdsız dövriyyəni daha da stimullaşdırmağı hədəfləyir.
Yeni qaydalara əsasən, ƏDV qeydiyyatında olmayan sahibkarların POS-terminal vasitəsilə qəbul etdiyi nağdsız ödənişlər vergi dövriyyəsinin hesablanması zamanı 0,5 əmsalı ilə nəzərə alınacaq. Bu, praktikada o deməkdir ki, sadələşdirilmiş vergi üzrə illik dövriyyə limiti faktiki olaraq 200.000 manatdan 400.000 manata qədər artmış hesab olunur.
Məsələn, POS-terminal vasitəsilə il ərzində 400.000 manat dövriyyə əldə edən sahibkar üçün bu məbləğ vergi hesablamasında 200.000 manat kimi qiymətləndirilir. Nəticədə, sahibkar ƏDV qeydiyyatına keçmədən fəaliyyətini daha uzun müddət sadələşdirilmiş rejimdə davam etdirə bilir. Bu mexanizm xüsusilə pərakəndə ticarət, ictimai iaşə və digər xidmət sahələrində çalışan kiçik biznes subyektləri üçün xüsusi əhəmiyyət kəsb edir.
Xidmət sektorunda vergi endirimi
2026-cı ildən tətbiq olunacaq digər mühüm dəyişiklik xidmət sektorunu əhatə edir. Əhaliyə göstərilən xidmətlər üzrə nağdsız ödənişlərə tətbiq olunan sadələşdirilmiş vergi dərəcəsi 8 faizdən 6 faizə endirilir. Sahibkarların maliyyə yükünü yüngülləşdirən bu güzəşt 3 il müddətində qüvvədə olacaq. Vergi dərəcəsinin azaldılması həm sahibkarların xərclərini azaldır, həm də nağdsız ödənişlərin daha geniş yayılmasına şərait yaradır.
Yeni dəyişikliklərin biznesə faydaları
Tətbiq olunan bu yeniliklər kiçik və orta bizneslər üçün bir sıra üstünlüklər təmin edir:
1. Vergi yükünün azalması. Aşağı vergi dərəcələri sahibkarın gəlirliliyini artırır.
2. Nağdsız dövriyyənin təşviqi. POS-terminaldan istifadə maliyyə baxımından daha sərfəli olur.
3. Maliyyə şəffafılığı. Hesabatlılığın asanlaşması və dövriyyənin şəffaf izlənilməsi.
4. Sadə rejimdə qalma imkanı. ƏDV qeydiyyatına keçidin gecikdirilməsi ilə sahibkar mürəkkəb uçot sistemindən azad olur.
2026-cı ildən qüvvəyə minən bu islahatlar dövlətin kiçik biznesi dəstəkləmək və şəffaf iqtisadi mühiti genişləndirmək strategiyasının mühüm tərkib hissəsidir. POS-terminaldan aktiv istifadə edən sahibkarlar üçün bu dəyişikliklər həm maliyyə qənaəti, həm də əməliyyat rahatlığı baxımından yeni inkişaf imkanları açır.
Oxşar xəbərlər
Azərbaycan Respublikasının Milli Məclisi "Patent haqqında" qanundakı dəyişikliklər həm yerli ixtiraçılar, həm də xarici investorlar üçün maneələri aradan qaldırmağı və prosesləri sürətləndirməyi hədəfləyir.
Bəs bu yeniliklər bizə nə qazandıracaq?
1. Ekspertiza müddəti kəskin azalır
Əgər əvvəllər patent almaq üçün ekspertiza müddəti 12 ay çəkirdisə, yeni qanunla bu müddət əhəmiyyətli dərəcədə qısaldılacaq. Bu, ixtiraçıların öz məhsullarını bazara daha tez çıxarmasına və rəqabətdə öndə olmasına şərait yaradacaq. İxtiranız köhnəlmədən, bazarda rəqibləriniz sizi ötmədən hüquqi qoruma əldə edəcəksiniz.
2. “50/50" Qaydası: Əməyiniz artıq daha dəyərlidir!
Əgər bir şirkətdə çalışırsınızsa və işəgötürənin tapşırığı ilə ixtira etmisinizsə, artıq qazancın böyük hissəsi sizindir. Şirkət çəkdiyi xərcləri çıxdıqdan sonra qalan xalis gəlirin azı 50%-ni müəllifə (sizə) ödəməlidir. Bu da elmi fəaliyyətlə məşğul olan şəxslər üçün böyük maddi stimul deməkdir.
3. Xarici iddiaçılar üçün "açıq qapı" elan edilir
Əvvəlki qaydalara görə, xarici vətəndaşlar və şirkətlər yalnız patent müvəkkilləri vasitəsilə müraciət edə bilirdilər. İndi isə xarici iddiaçılar bir sıra prosedurlar üçün birbaşa milli patent ofisinə müraciət edə biləcəklər Bu dəyişiklik həm vaxt itkisini azaldacaq, həm də əlavə xərcləri ortadan qaldıracaq. Eyni zamanda bu daha çox xarici texnologiya, daha çox investisiya və Azərbaycan patentinin dünya reytinqində yüksəlişi deməkdir.
4. Beynəlxalq standartlara uyğunlaşma
Dəyişikliklər Azərbaycan qanunvericiliyini Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə tam uyğunlaşdırır. Bu isə ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirəcək.
Bu islahatlar təkcə kağız üzərində dəyişiklik deyil, həm də ölkədə innovativ mühitin canlanması, ixtiraçıların əməyinin qiymətləndirilməsi və xarici texnologiyaların ölkəmizə daha rahat gəlişi üçün atılmış strateji addımdır.
Əmək Məcəlləsinə edilən yeni dəyişikliklər işçilərin xeyrinədir.
Artıq məzuniyyətdə olduğunuz müddətdə hesablanan əməkhaqqı son aldığınız maaşdan az ola bilməz. Əvvəllər ödənişsiz məzuniyyət, sosial məzuniyyət maaşın daha aşağı hesablanmasına səbəb olurdu. Yeni dəyişiklik bunu aradan qaldırır.
Həmçinin, ezamiyyətlə bağlı ödənişsiz məzuniyyətlər və məzuniyyətdən geri çağırılma qaydaları da daha dəqiq tənzimlənir. Bundan sonra bütün növ məzuniyyətlər (əmək, ödənişsiz və s.) işçinin yazılı ərizəsi (kağız və ya elektron) və işəgötürənin əmri ilə rəsmiləşdiriləcək.
İstisna hal (əmək məzuniyyəti üçün):
Əgər işəgötürən işçiyə yazılı xəbərdarlıq edibsə, amma işçi məzuniyyət qrafikinə əməl etməyib və məzuniyyətə çıxmaq üçün ərizə verməyibsə, bu halda işəgötürən işçinin ərizəsi olmadan, öz əmri ilə onu məzuniyyətə göndərə biləcək.
Əmək hüquqlarınızla bağlı sualınız varsa bizə müraciət edin.
Azərbaycanın biznes mühiti getdikcə daha da aktivləşir. 2025-ci ilin əvvəlindən etibarən ölkədə qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 7,8% artaraq 200.806 vahidə çatıb. Bu göstərici sahibkarlıq fəaliyyətinə marağın artdığını və iqtisadi mühitin canlandığını təsdiqləyir.
Statistikaya əsasən:
-
91,9% - Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC)
-
1,1% - Səhmdar Cəmiyyətlər (ASC)
-
1,1% - Kooperativlər və digər hüquqi formalar
Qeydiyyatdan keçən şirkətlərin 85%-i elektron qaydada təsis edilib. Bu isə ölkədə biznes açma prosesinin daha da sadələşdiyini, rəqəmsal xidmətlərin isə fəal şəkildə genişləndiyini göstərir.
İnvestisiya mənşəyinə görə:
-
88,5% - yerli investisiyalı
-
11,5% - xarici investisiyalı şirkətlərdir.
Rəqəmlər açıq şəkildə göstərir ki, sahibkarlar Azərbaycanda biznes qurarkən daha çox MMC formasına üstünlük verirlər. Bunun əsas səbəbi, bu hüquqi formanın risklərin məhdudlaşdırılması, vergi yükünün az olması və idarəetmədə çeviklik kimi üstünlüklərə malik olmasıdır. Elektron qeydiyyat imkanlarının artması isə ölkədə rəqəmsal sahibkarlığın inkişafına və biznes rahatlığının yüksəlməsinə şərait yaradır.
Azərbaycan biznes mühiti getdikcə daha da şəffaf və rahat hala gəlir. MMC-lərin üstünlüyü və elektron qeydiyyat sisteminin geniş tətbiqi, gələcəkdə daha çox sahibkarın öz biznesini rəsmi şəkildə təsis etməsinə və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verməsinə imkan yaradacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan yeni fərmanla əmək və sosial sığorta qanunvericiliyi rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılır. Əgər siz dövlət qulluqçususunuzsa və ya kadr proseslərini idarə edirsinizsə, bu yeniliklər birbaşa fəaliyyətinizə təsir edəcək.
Dəyişikliyin mahiyyəti nədir?
27 fevral 2026-cı il tarixli Qanunun tətbiqi ilə dövlət qulluğu sənədləşməsində Sosial Sığorta Nömrəsi (SSN) dövrü rəsmən başa çatır. Bu addım bürokratik yükün azaldılması və dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması strategiyasının bir hissəsidir.
Hansı sənədlər yenilənir?
1 iyul 2026-cı il tarixindən etibarən aşağıdakı sənəd formalarından SSN bəndi çıxarılır:
-
Sınaq müddəti müqavilələri: Dövlət qulluğuna yeni qəbul edilənlərlə bağlanan müqavilələr.
-
Kadrlar uçotu vərəqəsi: Şəxsi işlərdə yer alan rəsmi anket formaları.
-
Daimi əmək müqavilələri: Dövlət qulluqçuları ilə bağlanan standart xidməti müqavilələr.
Bəs pensiya təminatı necə olacaq?
Ən çox verilən sual: "SSN çıxarılırsa, pensiyam necə hesablanacaq?" Sənədlərdən SSN-in çıxarılması sizin pensiya hüquqlarınıza toxunmur.
-
Artıq bütün sosial sığorta məlumatlarınız vahid sistem üzərindən yəni şəxsiyyət vəsiqənizin FİN kodu ilə izlənilir.
-
Sistem daxilində fərdi uçot ləğv olunmur, sadəcə sənədlər üzərindəki artıq informasiya yükü təmizlənir.
-
Pensiya kapitalının toplanması və hesablanması qaydaları olduğu kimi qalır. Rəqəmsal inteqrasiya sayəsində bu proses daha şəffaf və çevik olur.