
Azərbaycan Respublikasının Milli Məclisi "Patent haqqında" qanundakı dəyişikliklər həm yerli ixtiraçılar, həm də xarici investorlar üçün maneələri aradan qaldırmağı və prosesləri sürətləndirməyi hədəfləyir.
Bəs bu yeniliklər bizə nə qazandıracaq?
1. Ekspertiza müddəti kəskin azalır
Əgər əvvəllər patent almaq üçün ekspertiza müddəti 12 ay çəkirdisə, yeni qanunla bu müddət əhəmiyyətli dərəcədə qısaldılacaq. Bu, ixtiraçıların öz məhsullarını bazara daha tez çıxarmasına və rəqabətdə öndə olmasına şərait yaradacaq. İxtiranız köhnəlmədən, bazarda rəqibləriniz sizi ötmədən hüquqi qoruma əldə edəcəksiniz.
2. “50/50" Qaydası: Əməyiniz artıq daha dəyərlidir!
Əgər bir şirkətdə çalışırsınızsa və işəgötürənin tapşırığı ilə ixtira etmisinizsə, artıq qazancın böyük hissəsi sizindir. Şirkət çəkdiyi xərcləri çıxdıqdan sonra qalan xalis gəlirin azı 50%-ni müəllifə (sizə) ödəməlidir. Bu da elmi fəaliyyətlə məşğul olan şəxslər üçün böyük maddi stimul deməkdir.
3. Xarici iddiaçılar üçün "açıq qapı" elan edilir
Əvvəlki qaydalara görə, xarici vətəndaşlar və şirkətlər yalnız patent müvəkkilləri vasitəsilə müraciət edə bilirdilər. İndi isə xarici iddiaçılar bir sıra prosedurlar üçün birbaşa milli patent ofisinə müraciət edə biləcəklər Bu dəyişiklik həm vaxt itkisini azaldacaq, həm də əlavə xərcləri ortadan qaldıracaq. Eyni zamanda bu daha çox xarici texnologiya, daha çox investisiya və Azərbaycan patentinin dünya reytinqində yüksəlişi deməkdir.
4. Beynəlxalq standartlara uyğunlaşma
Dəyişikliklər Azərbaycan qanunvericiliyini Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə tam uyğunlaşdırır. Bu isə ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirəcək.
Bu islahatlar təkcə kağız üzərində dəyişiklik deyil, həm də ölkədə innovativ mühitin canlanması, ixtiraçıların əməyinin qiymətləndirilməsi və xarici texnologiyaların ölkəmizə daha rahat gəlişi üçün atılmış strateji addımdır.
Oxşar xəbərlər
2026-cı ildən etibarən Azərbaycanda kiçik və orta sahibkarlar üçün vergi qanunvericiliyində mühüm yeniliklər qüvvəyə minir. Bu dəyişikliklər əsasən nağdsız ödənişləri qəbul edən, POS-terminaldan istifadə edən və ƏDV qeydiyyatında olmayan biznes subyektləri üçün nəzərdə tutulub. Yeni qaydalar həm vergi yükünü azaltmağı, həm də ölkədə nağdsız dövriyyəni daha da stimullaşdırmağı hədəfləyir.
Yeni qaydalara əsasən, ƏDV qeydiyyatında olmayan sahibkarların POS-terminal vasitəsilə qəbul etdiyi nağdsız ödənişlər vergi dövriyyəsinin hesablanması zamanı 0,5 əmsalı ilə nəzərə alınacaq. Bu, praktikada o deməkdir ki, sadələşdirilmiş vergi üzrə illik dövriyyə limiti faktiki olaraq 200.000 manatdan 400.000 manata qədər artmış hesab olunur.
Məsələn, POS-terminal vasitəsilə il ərzində 400.000 manat dövriyyə əldə edən sahibkar üçün bu məbləğ vergi hesablamasında 200.000 manat kimi qiymətləndirilir. Nəticədə, sahibkar ƏDV qeydiyyatına keçmədən fəaliyyətini daha uzun müddət sadələşdirilmiş rejimdə davam etdirə bilir. Bu mexanizm xüsusilə pərakəndə ticarət, ictimai iaşə və digər xidmət sahələrində çalışan kiçik biznes subyektləri üçün xüsusi əhəmiyyət kəsb edir.
Xidmət sektorunda vergi endirimi
2026-cı ildən tətbiq olunacaq digər mühüm dəyişiklik xidmət sektorunu əhatə edir. Əhaliyə göstərilən xidmətlər üzrə nağdsız ödənişlərə tətbiq olunan sadələşdirilmiş vergi dərəcəsi 8 faizdən 6 faizə endirilir. Sahibkarların maliyyə yükünü yüngülləşdirən bu güzəşt 3 il müddətində qüvvədə olacaq. Vergi dərəcəsinin azaldılması həm sahibkarların xərclərini azaldır, həm də nağdsız ödənişlərin daha geniş yayılmasına şərait yaradır.
Yeni dəyişikliklərin biznesə faydaları
Tətbiq olunan bu yeniliklər kiçik və orta bizneslər üçün bir sıra üstünlüklər təmin edir:
1. Vergi yükünün azalması. Aşağı vergi dərəcələri sahibkarın gəlirliliyini artırır.
2. Nağdsız dövriyyənin təşviqi. POS-terminaldan istifadə maliyyə baxımından daha sərfəli olur.
3. Maliyyə şəffafılığı. Hesabatlılığın asanlaşması və dövriyyənin şəffaf izlənilməsi.
4. Sadə rejimdə qalma imkanı. ƏDV qeydiyyatına keçidin gecikdirilməsi ilə sahibkar mürəkkəb uçot sistemindən azad olur.
2026-cı ildən qüvvəyə minən bu islahatlar dövlətin kiçik biznesi dəstəkləmək və şəffaf iqtisadi mühiti genişləndirmək strategiyasının mühüm tərkib hissəsidir. POS-terminaldan aktiv istifadə edən sahibkarlar üçün bu dəyişikliklər həm maliyyə qənaəti, həm də əməliyyat rahatlığı baxımından yeni inkişaf imkanları açır.
Azərbaycanın biznes mühiti getdikcə daha da aktivləşir. 2025-ci ilin əvvəlindən etibarən ölkədə qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 7,8% artaraq 200.806 vahidə çatıb. Bu göstərici sahibkarlıq fəaliyyətinə marağın artdığını və iqtisadi mühitin canlandığını təsdiqləyir.
Statistikaya əsasən:
-
91,9% - Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC)
-
1,1% - Səhmdar Cəmiyyətlər (ASC)
-
1,1% - Kooperativlər və digər hüquqi formalar
Qeydiyyatdan keçən şirkətlərin 85%-i elektron qaydada təsis edilib. Bu isə ölkədə biznes açma prosesinin daha da sadələşdiyini, rəqəmsal xidmətlərin isə fəal şəkildə genişləndiyini göstərir.
İnvestisiya mənşəyinə görə:
-
88,5% - yerli investisiyalı
-
11,5% - xarici investisiyalı şirkətlərdir.
Rəqəmlər açıq şəkildə göstərir ki, sahibkarlar Azərbaycanda biznes qurarkən daha çox MMC formasına üstünlük verirlər. Bunun əsas səbəbi, bu hüquqi formanın risklərin məhdudlaşdırılması, vergi yükünün az olması və idarəetmədə çeviklik kimi üstünlüklərə malik olmasıdır. Elektron qeydiyyat imkanlarının artması isə ölkədə rəqəmsal sahibkarlığın inkişafına və biznes rahatlığının yüksəlməsinə şərait yaradır.
Azərbaycan biznes mühiti getdikcə daha da şəffaf və rahat hala gəlir. MMC-lərin üstünlüyü və elektron qeydiyyat sisteminin geniş tətbiqi, gələcəkdə daha çox sahibkarın öz biznesini rəsmi şəkildə təsis etməsinə və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verməsinə imkan yaradacaq.
Azərbaycan Tekstil Assosiasiyası (ATA), Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) birgə təşkil etdikləri “Tekstil sektorunun inkişafı və qlobal inteqrasiyanın təşviqi” adlı seminarda sektorda yeni fürsətlər müzakirə edilib. Seminar çərçivəsində tekstil sənayesinin beynəlxalq standartlara uyğun inkişafı, dayanıqlılıq, izləniləbilənlik, vergi güzəştləri, sertifikatlaşdırma, qanunvericilik təklifləri, ixrac potensialının artırılması, eləcə də yerli istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində konkret addımların həyata keçirilməsini nəzərdə tutur.
Bu tədbir tekstil sektorunda fəaliyyət göstərən və ya bu sahəyə giriş etmək istəyən sahibkarlar üçün bir çox imkanlar yaradır.
Sahibkar olaraq nə etməlisiniz?
-
Fokus sahəni müəyyən edin - Sahənizi dəqiqləşdirin, bu istehsal, emal, tekstil aksesuarları və ya konfeksiyon ola bilər və xammal-təchizat zəncirini təhlil edin.
-
Qanunvericiliyə uyğunluğunu təmin edin - Sertifikatlaşdırma, keyfiyyət standartları, işçi hüquqları və ətraf mühit tələb-şərtləri kimi aspektlərə vaxtında riayət edin.
-
Biznes modelini ixrac yönümlü qurun - Yerli bazarla yanaşı, xarici bazarlara yönəlmə strategiyasını hazırlayın, logistika, sertifikat, rəqabət analizini nəzərə alın.
-
Riskləri minimuma endirin - Hüquqi və vergi məsələlərində peşəkar dəstək alın, beləliklə, qeyri-şəffaf əməliyyatlar və sonra yaranacaq məsuliyyət risklərindən qaçınmış olarsınız.
Tekstil sektoru Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu tekstil fabriki yaratmaq istəyən sahibkarlar üçün yalnız istehsal artımı deyil, həm də qalıcı biznes, ixrac yönümlü fəaliyyət və dayanıqlı sistem qurmaq üçün fürsətdir. Lakin uğur üçün yalnız imkanlar deyil, hüquqi və maliyyə bazanın sağlam qurulması da vacibdir. Tekstil sahəsində yeni fəaliyyətə başlamazdan öncə strategiyanızı hüquqi-vergi hazırlıqları ilə tamamladığınıza əmin olun.
Azərbaycanda məhkəmə qərarlarının icrası sistemində həyata keçirilən köklü islahatlar çərçivəsində xüsusi (özəl) icra məmuru institutunun formalaşdırılması prosesi sürətlənir. Bu keçid prosesində şəffaflığın qorunması və vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə qanunvericilik bazası daha da təkmilləşdirilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni dəyişikliklər, xüsusi icra məmurları üçün ciddi intizam və məsuliyyət qaydalarını özündə əks etdirir.
Cərimələr və sanksiyalar: Nələri bilmək vacibdir?
Təklif edilən layihəyə əsasən, xüsusi icra fəaliyyətinin tənzimlənməsi məqsədilə aşağıdakı inzibati sanksiyaların tətbiqi nəzərdə tutulur:
-
Qanunsuz fəaliyyətə görə 1 500 AZN cərimə: "Xüsusi icra məmurları haqqında" Qanunun tələblərini pozaraq, and içməyən və məlumatları Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxslər tərəfindən icra fəaliyyətinin göstərilməsi qəti qadağan edilir. Bu qaydanı pozan şəxslər birbaşa 1 500 manat məbləğində cərimə olunacaqlar.
-
Geyim forması və nişanlardan istifadə qaydası: Xüsusi icra məmurunun statusunu əks etdirən vahid geyim formasını və ya xüsusi nişanı qanunsuz olaraq daşıyan şəxsləri 500 manatdan 700 manatadək cərimə gözləyir. Eyni zamanda, həmin geyim forması və nişanlar xüsusi müsadirə ediləcəkdir.
-
Reyestr məlumatlarının operativ yenilənməsi: Xüsusi icra məmurları öz fəaliyyətləri və ya statusları ilə bağlı Reyestrdə olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, bu barədə 3 iş günü müddətində müvafiq icra orqanına məlumat verməlidirlər. Bu öhdəliyi yerinə yetirməyənlər üçün 500 manat məbləğində cərimə nəzərdə tutulur.