
Azərbaycan beynəlxalq miqyaslı Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) ev sahibliyi etməyə hazırlaşır. Bu mühüm tədbirlə əlaqədar olaraq dövlət biznes və beynəlxalq tərəfdaşlar üçün xüsusi vergi güzəştləri tətbiq edib.
Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, WUF13 ilə bağlı müəyyən royalti ödənişlərinə 2025-ci il 1 sentyabrdan etibarən bir il müddətinə vergi güzəşti qüvvəyə minəcək.
Vergi güzəşti hansı ödənişlərə şamil olunur?
Dəyişikliklərə əsasən, forumun təşkili ilə bağlı qeyri-maddi aktivlər (brend, proqram təminatı, media kontenti, dizayn və s.) üzərində müəllif hüquqlarından istifadə, və ya istifadə hüquqlarının verilməsi üzrə müvafiq dövlət qurumu ilə bağlanmış müqavilə əsasında qeyri-rezident hüquqi şəxslərə ödənilən royalti gəlirləri vergidən azad edilir.
Bu isə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edən təşkilatlar üçün ciddi maliyyə üstünlüyü deməkdir.
Niyə bu qərar biznes üçün vacibdir?
Bu addım Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üçün rəqabətqabiliyyətli hüquqi mühit yaratmaq, xarici tərəfdaşların ölkəyə marağını artırmaq və eləcədə intellektual mülkiyyətin istifadəsini daha çevik və sərfəli etmək strategiyasının bir hissəsidir.
Vergi yükünün azaldılması həm dövlət qurumları, həm də tədbirin təşkilində iştirak edən yerli və xarici şirkətlər üçün əlavə maliyyə rahatlığı yaradır.
Hüquqi risklər və diqqət edilməli məqamlar
Royalti ödənişləri üzrə vergi güzəştləri tətbiq olunsa da, müqavilələrin düzgün strukturlaşdırılması və Vergi Məcəlləsinə uyğun tərtibi kritik əhəmiyyət daşıyır.
Xüsusilə qeyri-rezidentlərlə müqavilələrin hüquqi analizi, vergitutma mexanizminin düzgün tətbiqi, güzəşt müddətinin hüquqi əsaslarla müəyyən edilməsi şirkətlər üçün potensial risklərin qarşısını almaqda mühüm rol oynayır.
AzerLegal Group beynəlxalq tədbirlər, intellektual mülkiyyət hüquqları və vergi planlaşdırılması üzrə ixtisaslaşmış hüquqi xidmətlər təqdim edir. Biz sizə:
-
qeyri-rezidentlərlə bağlanan müqavilələrin hüquqi ekspertizasını,
-
royalti ödənişlərinin vergitutma strukturlarının optimallaşdırılmasını,
-
vergi güzəştlərindən maksimum faydalanmaq üçün hüquqi strategiyanın qurulmasını peşəkar şəkildə təmin edirik.
Oxşar xəbərlər
23 fevral 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib.
Dəyişikliklər əsasən texniki və prosedur xarakterlidir, lakin minimum əmək haqqı ilə bağlı mühüm bir məqam da əlavə olunub.
1. Səlahiyyətli orqanların adı dəqiqləşdirildi
36-cı və 261-ci maddələrdə “orqan” və “orqanları” ifadələri daha konkret formada yazılıb:
Artıq qanunda “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)”
ifadəsi istifadə olunur. Bu dəyişiklik hüquqi terminlərin daha dəqiq və konkret göstərilməsi məqsədi daşıyır.
2. Minimum əmək haqqına hər il baxılmalıdır
155-ci maddəyə əlavə olunan yeni müddəaya əsasən Minimum əmək haqqının məbləği ildə bir dəfədən az olmayaraq yenidən nəzərdən keçirilməlidir. Bu o deməkdir ki, minimum əmək haqqı rəsmi şəkildə hər il qiymətləndirilməli və zərurət olduqda dəyişdirilməlidir.
Bu dəyişikliklər bizneslər üçün nə deməkdir?
Edilmiş dəyişikliklər nəticəsində əmək qanunvericiliyində terminoloji dəqiqləşdirmə aparılmış, səlahiyyətli orqanların adı və hüquqi statusu daha konkret şəkildə ifadə olunmuşdur. Bu yanaşma normativ aktların tətbiqi zamanı mümkün qeyri-müəyyənliklərin aradan qaldırılmasına və hüquqi mexanizmlərin daha aydın formada icrasına xidmət edir.
Eyni zamanda, minimum əmək haqqının məbləğinin ildə azı bir dəfə yenidən nəzərdən keçirilməsi mexanizminin təsbit olunması bu sahədə qərarların daha sistemli əsaslarla qəbul edilməsini təmin edir. Bu dəyişikliklər praktik müstəvidə o deməkdir ki, şirkətlərin HR və hüquq şöbələri minimum əmək haqqı ilə bağlı illik yenilənmələri mütəmadi izləməli, əmək müqavilələrinin, daxili sənədlərin və əməkhaqqı siyasətinin qüvvədə olan tələblərə uyğunluğunu daim nəzarətdə saxlamalıdır.
Əmək münasibətləri, əmək müqavilələri və ya minimum əmək haqqının tətbiqi ilə bağlı suallarınız varsa, AzerLegal komandası sizə hüquqi dəstək göstərməyə hazırdır. Konsultasiya üçün bizimlə əlaqə saxlayın
Əmək Məcəlləsinə edilən yeni dəyişikliklər işçilərin xeyrinədir.
Artıq məzuniyyətdə olduğunuz müddətdə hesablanan əməkhaqqı son aldığınız maaşdan az ola bilməz. Əvvəllər ödənişsiz məzuniyyət, sosial məzuniyyət maaşın daha aşağı hesablanmasına səbəb olurdu. Yeni dəyişiklik bunu aradan qaldırır.
Həmçinin, ezamiyyətlə bağlı ödənişsiz məzuniyyətlər və məzuniyyətdən geri çağırılma qaydaları da daha dəqiq tənzimlənir. Bundan sonra bütün növ məzuniyyətlər (əmək, ödənişsiz və s.) işçinin yazılı ərizəsi (kağız və ya elektron) və işəgötürənin əmri ilə rəsmiləşdiriləcək.
İstisna hal (əmək məzuniyyəti üçün):
Əgər işəgötürən işçiyə yazılı xəbərdarlıq edibsə, amma işçi məzuniyyət qrafikinə əməl etməyib və məzuniyyətə çıxmaq üçün ərizə verməyibsə, bu halda işəgötürən işçinin ərizəsi olmadan, öz əmri ilə onu məzuniyyətə göndərə biləcək.
Əmək hüquqlarınızla bağlı sualınız varsa bizə müraciət edin.
Azərbaycanda məhkəmə qərarlarının icrası sistemində həyata keçirilən köklü islahatlar çərçivəsində xüsusi (özəl) icra məmuru institutunun formalaşdırılması prosesi sürətlənir. Bu keçid prosesində şəffaflığın qorunması və vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə qanunvericilik bazası daha da təkmilləşdirilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni dəyişikliklər, xüsusi icra məmurları üçün ciddi intizam və məsuliyyət qaydalarını özündə əks etdirir.
Cərimələr və sanksiyalar: Nələri bilmək vacibdir?
Təklif edilən layihəyə əsasən, xüsusi icra fəaliyyətinin tənzimlənməsi məqsədilə aşağıdakı inzibati sanksiyaların tətbiqi nəzərdə tutulur:
-
Qanunsuz fəaliyyətə görə 1 500 AZN cərimə: "Xüsusi icra məmurları haqqında" Qanunun tələblərini pozaraq, and içməyən və məlumatları Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxslər tərəfindən icra fəaliyyətinin göstərilməsi qəti qadağan edilir. Bu qaydanı pozan şəxslər birbaşa 1 500 manat məbləğində cərimə olunacaqlar.
-
Geyim forması və nişanlardan istifadə qaydası: Xüsusi icra məmurunun statusunu əks etdirən vahid geyim formasını və ya xüsusi nişanı qanunsuz olaraq daşıyan şəxsləri 500 manatdan 700 manatadək cərimə gözləyir. Eyni zamanda, həmin geyim forması və nişanlar xüsusi müsadirə ediləcəkdir.
-
Reyestr məlumatlarının operativ yenilənməsi: Xüsusi icra məmurları öz fəaliyyətləri və ya statusları ilə bağlı Reyestrdə olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, bu barədə 3 iş günü müddətində müvafiq icra orqanına məlumat verməlidirlər. Bu öhdəliyi yerinə yetirməyənlər üçün 500 manat məbləğində cərimə nəzərdə tutulur.
İslahatın məqsədi nədir?
Bu dəyişikliklər sadəcə cəza mexanizmi deyil, eyni zamanda yeni yaradılan özəl icra sisteminə olan ictimai etimadın qazanılmasına xidmət edir. Sanksiyaların müəyyən edilməsi, sistemdə mümkün sui-istifadə hallarının qarşısını alacaq və yalnız lisenziyalı, and içmiş peşəkarların bu sahədə çalışmasını təmin edəcəkdir.
Bu yeni institut məhkəmə qərarlarının daha operativ və effektiv icra olunmasına, həmçinin dövlət icra məmurlarının iş yükünün azaldılmasına hədəflənib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan yeni fərmanla əmək və sosial sığorta qanunvericiliyi rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılır. Əgər siz dövlət qulluqçususunuzsa və ya kadr proseslərini idarə edirsinizsə, bu yeniliklər birbaşa fəaliyyətinizə təsir edəcək.
Dəyişikliyin mahiyyəti nədir?
27 fevral 2026-cı il tarixli Qanunun tətbiqi ilə dövlət qulluğu sənədləşməsində Sosial Sığorta Nömrəsi (SSN) dövrü rəsmən başa çatır. Bu addım bürokratik yükün azaldılması və dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması strategiyasının bir hissəsidir.
Hansı sənədlər yenilənir?
1 iyul 2026-cı il tarixindən etibarən aşağıdakı sənəd formalarından SSN bəndi çıxarılır:
-
Sınaq müddəti müqavilələri: Dövlət qulluğuna yeni qəbul edilənlərlə bağlanan müqavilələr.
-
Kadrlar uçotu vərəqəsi: Şəxsi işlərdə yer alan rəsmi anket formaları.
-
Daimi əmək müqavilələri: Dövlət qulluqçuları ilə bağlanan standart xidməti müqavilələr.
Bəs pensiya təminatı necə olacaq?
Ən çox verilən sual: "SSN çıxarılırsa, pensiyam necə hesablanacaq?" Sənədlərdən SSN-in çıxarılması sizin pensiya hüquqlarınıza toxunmur.
-
Artıq bütün sosial sığorta məlumatlarınız vahid sistem üzərindən yəni şəxsiyyət vəsiqənizin FİN kodu ilə izlənilir.
-
Sistem daxilində fərdi uçot ləğv olunmur, sadəcə sənədlər üzərindəki artıq informasiya yükü təmizlənir.
-
Pensiya kapitalının toplanması və hesablanması qaydaları olduğu kimi qalır. Rəqəmsal inteqrasiya sayəsində bu proses daha şəffaf və çevik olur.