searchclose
close
Vergi uçotunda kritik dəyişiklik: məlumatlandırma müddəti 40 gündən 15 günə endirildi
blog

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən son dəyişikliklər vergi ödəyicilərinin uçot məlumatlarının yenilənməsi ilə bağlı prosedurları daha da sərtləşdirib. Artıq sahibkarlar və şirkət rəhbərləri uçot məlumatlarında baş verən hər hansı dəyişikliyi vergi orqanına bildirmək üçün daha çevik hərəkət etməlidir.

 

Nələri bilmək vacibdi?

Əvvəlki qaydalara əsasən, vergi ödəyicisi uçot məlumatlarında (məsələn, yaşayış yeri, fəaliyyət ünvanı, rəhbər dəyişikliyi və s.) baş verən yenilikləri 40 gün ərzində bildirməli idi. Yeni qaydalara əsasən, bu müddət cəmi 15 gün müddətinədək azaldılıb. Bu dəyişiklik aşağıdakı halları əhatə edir:

Ünvan dəyişikliyi: Yaşayış yerinin və ya faktiki fəaliyyət göstərilən ünvanın dəyişməsi.

Uçot məlumatlarının yenilənməsi: Vergi orqanına təqdim olunmuş ilkin uçot ərizəsindəki hər hansı bir məlumatın (əlaqə vasitələri, fəaliyyət növü və s.) dəyişməsi.

İflas və müflisləşmə halları: Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin müflis elan olunması və ya iflas prosesinin yekunlaşması ilə bağlı məlumatların təqdim edilməsi.

 

Gecikmələr hansı riskli halları yaradır?

Müəyyən edilmiş 15 günlük müddətin ötürülməsi sadəcə prosedural bir səhv deyil, bu birbaşa maliyyə sanksiyaları və cərimələrlə nəticələnə bilən qanun pozuntusudur. Xüsusilə vergi nəzarəti tədbirləri zamanı uçot məlumatlarının yanlış olması sahibkarın işini çətinləşdirə və əlavə yoxlamalara zəmin yarada bilər.

 

 

Sahibkarlar üçün tövsiyələr

Qanunvericiliyin tələblərinə tam uyğun olmaq və gözlənilməz cərimələrdən yayınmaq üçün aşağıdakı addımları atmağınız tövsiyə olunur:

  1. Sənəd dövriyyəsinə nəzarət: Ünvan və ya rəhbərlik dəyişikliyi kimi qərarlar verildiyi andan etibarən 15 günlük geri sayımın başladığını unutmayın.

  2. Elektron kabinetin yoxlanılması: Məlumatların yenilənməsi prosesini onlayn şəkildə, vergi ödəyicisinin elektron kabineti vasitəsilə operativ icra edin.

  3. Peşəkar dəstək: Vergi uçotu və hüquqi tənzimləmələr mürəkkəb ola bilər. Riskli vəziyyətlərdən qaçmaq üçün mütəxəssis məsləhətindən yararlanın.


 

Qanunu bilməmək məsuliyyətdən azad etmir. Dəyişikliklərdən vaxtında xəbərdar olmaq biznesinizin maliyyə dayanıqlığının təminatıdır.

Oxşar xəbərlər

25.02.2026

Azərbaycan beynəlxalq miqyaslı Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) ev sahibliyi etməyə hazırlaşır. Bu mühüm tədbirlə əlaqədar olaraq dövlət biznes və beynəlxalq tərəfdaşlar üçün xüsusi vergi güzəştləri tətbiq edib.

Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, WUF13 ilə bağlı müəyyən royalti ödənişlərinə 2025-ci il 1 sentyabrdan etibarən bir il müddətinə vergi güzəşti qüvvəyə minəcək.

 

Vergi güzəşti hansı ödənişlərə şamil olunur?

Dəyişikliklərə əsasən, forumun təşkili ilə bağlı qeyri-maddi aktivlər (brend, proqram təminatı, media kontenti, dizayn və s.) üzərində müəllif hüquqlarından istifadə, və ya istifadə hüquqlarının verilməsi üzrə müvafiq dövlət qurumu ilə bağlanmış müqavilə əsasında qeyri-rezident hüquqi şəxslərə ödənilən royalti gəlirləri vergidən azad edilir.

Bu isə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edən təşkilatlar üçün ciddi maliyyə üstünlüyü deməkdir.

 

Niyə bu qərar biznes üçün vacibdir?

Bu addım Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üçün rəqabətqabiliyyətli hüquqi mühit yaratmaq, xarici tərəfdaşların ölkəyə marağını artırmaq və eləcədə intellektual mülkiyyətin istifadəsini daha çevik və sərfəli etmək strategiyasının bir hissəsidir.

Vergi yükünün azaldılması həm dövlət qurumları, həm də tədbirin təşkilində iştirak edən yerli və xarici şirkətlər üçün əlavə maliyyə rahatlığı yaradır.

 

Hüquqi risklər və diqqət edilməli məqamlar

Royalti ödənişləri üzrə vergi güzəştləri tətbiq olunsa da, müqavilələrin düzgün strukturlaşdırılması və Vergi Məcəlləsinə uyğun tərtibi kritik əhəmiyyət daşıyır.

Xüsusilə qeyri-rezidentlərlə müqavilələrin hüquqi analizi, vergitutma mexanizminin düzgün tətbiqi, güzəşt müddətinin hüquqi əsaslarla müəyyən edilməsi şirkətlər üçün potensial risklərin qarşısını almaqda mühüm rol oynayır.

 

AzerLegal Group beynəlxalq tədbirlər, intellektual mülkiyyət hüquqları və vergi planlaşdırılması üzrə ixtisaslaşmış hüquqi xidmətlər təqdim edir. Biz sizə:

  • qeyri-rezidentlərlə bağlanan müqavilələrin hüquqi ekspertizasını,

  • royalti ödənişlərinin vergitutma strukturlarının optimallaşdırılmasını,

  • vergi güzəştlərindən maksimum faydalanmaq üçün hüquqi strategiyanın qurulmasını peşəkar şəkildə təmin edirik.

Ətraflıbtn_right
02.03.2026

23 fevral 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib.

Dəyişikliklər əsasən texniki və prosedur xarakterlidir, lakin minimum əmək haqqı ilə bağlı mühüm bir məqam da əlavə olunub.

 

 

1. Səlahiyyətli orqanların adı dəqiqləşdirildi

36-cı və 261-ci maddələrdə “orqan” və “orqanları” ifadələri daha konkret formada yazılıb:

Artıq qanunda “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)”

ifadəsi istifadə olunur. Bu dəyişiklik hüquqi terminlərin daha dəqiq və konkret göstərilməsi məqsədi daşıyır.

 

 

2. Minimum əmək haqqına hər il baxılmalıdır

155-ci maddəyə əlavə olunan yeni müddəaya əsasən Minimum əmək haqqının məbləği ildə bir dəfədən az olmayaraq yenidən nəzərdən keçirilməlidir. Bu o deməkdir ki, minimum əmək haqqı rəsmi şəkildə hər il qiymətləndirilməli və zərurət olduqda dəyişdirilməlidir.

 

 

Bu dəyişikliklər bizneslər üçün nə deməkdir?

Edilmiş dəyişikliklər nəticəsində əmək qanunvericiliyində terminoloji dəqiqləşdirmə aparılmış, səlahiyyətli orqanların adı və hüquqi statusu daha konkret şəkildə ifadə olunmuşdur. Bu yanaşma normativ aktların tətbiqi zamanı mümkün qeyri-müəyyənliklərin aradan qaldırılmasına və hüquqi mexanizmlərin daha aydın formada icrasına xidmət edir.

Eyni zamanda, minimum əmək haqqının məbləğinin ildə azı bir dəfə yenidən nəzərdən keçirilməsi mexanizminin təsbit olunması bu sahədə qərarların daha sistemli əsaslarla qəbul edilməsini təmin edir. Bu dəyişikliklər praktik müstəvidə o deməkdir ki, şirkətlərin HR və hüquq şöbələri minimum əmək haqqı ilə bağlı illik yenilənmələri mütəmadi izləməli, əmək müqavilələrinin, daxili sənədlərin və əməkhaqqı siyasətinin qüvvədə olan tələblərə uyğunluğunu daim nəzarətdə saxlamalıdır.

 

Əmək münasibətləri, əmək müqavilələri və ya minimum əmək haqqının tətbiqi ilə bağlı suallarınız varsa, AzerLegal komandası sizə hüquqi dəstək göstərməyə hazırdır. Konsultasiya üçün bizimlə əlaqə saxlayın

Ətraflıbtn_right
12.02.2026

16 yanvar 2026-cı il Azərbaycanın əmək bazarında bir dönüş nöqtəsi kimi tarixə düşdü. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən bu köklü islahatlar, illərdir alışdığımız "ənənəvi iş" modelini arxivə göndərərək, yerinə rəqəmsal, çevik və insan mərkəzli bir sistem gətirir. Dəyişikliklərin ana xəttini müasirləşmə təşkil edir. Artıq qanunvericilik iş dünyasındakı texnoloji sıçrayışları görməzdən gəlmir, əksinə, onları öz tərkibinə inteqrasiya edir. 

 

  1. Distant (uzaqdan) iş artıq qanunidir!

Uzun illərdir ki, "evdən işləmək" sadəcə şifahi razılaşmalar və ya sərbəst çalışanların (freelancer) seçimi idi. Lakin yeni era ilə "distant iş" anlayışı rəsmi hüquqi status qazandı. 

 

Bəs bu bizə nə qazandırır?

Məkan sərhədlərinin yox olması: Artıq işçinin fiziki olaraq ofisdə olması məcburi deyil. Əmək funksiyasını müasir İKT vasitələri (internet, bulud sistemləri, video-konfranslar) ilə yerinə yetirmək tamamilə leqallaşdı.

 

İş-həyat balansının qorunması: İşçilər yolda keçirdikləri saatları artıq ailələrinə və ya öz inkişaflarına sərf edə bilərlər. Bu da iş məhsuldarlığını birbaşa artıran əsas faktordur.

 

Xərclərin optimizasiyası:  İşçi yol xərci, ofis geyimi və kənarda yemək xərclərinə qənaət etmiş olur. Sahibkar da böyük ofis binalarına artıq ehtiyac duymur, eyni zamanda kommunal və icarə xərclərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur.

 

Rəsmi müqavilə təminatı: Əvvəllər distant işçilərin sosial təminatları (məzuniyyət, xəstəlik vərəqəsi və s.) bəzən sual altında qalırdısa, indi bu proses birbaşa əmək müqaviləsi ilə tənzimlənir.

 

Bu dəyişiklik həm də Azərbaycanın regionlarında yaşayan istedadlı gənclərin paytaxta gəlmədən Bakıdakı böyük şirkətlərdə rəsmi işləməsinə yol açır.

 

 

2. Sosial təminatlar gücləndirilir.

Bu islahatları "işçi sadəcə bir ştat vahididir" anlayışını sındırır. Yeni qanunvericilik işçini həm bir vətəndaş, həm də bir valideyn kimi dəyərləndirir.

Bu istiqamətdəki iki böyük yenilik cəmiyyətdə sosial ədaləti bərpa edir:

 

Hərbi xidmətə çağırış zamanı maddi və mənəvi dəstək

Vətən qarşısında borcunu yerinə yetirməyə gedən gənclərimiz üçün artıq maddi narahatlıqlar geridə qalır. Əgər işçi hərbi xidmətə çağırıldığı üçün əmək müqaviləsinə xitam verilirsə, işəgötürən ona orta aylıq əmək haqqının azı 3 misli məbləğində birdəfəlik müavinət ödəməlidir. Niyə bu vacibdir? Əvvəllər bu məbləğ daha az idi. İndi isə hərbi xidmətə yola düşən şəxs, həm özünün, həm də ailəsinin müəyyən müddətlik maddi ehtiyaclarını qarşılayacaq bir "sosial paket" ilə yola düşür. Bu da dövlətin orduya və əsgərə verdiyi dəyərin hüquqi təzahürüdür.

 

Atalıq məzuniyyəti 

Bəlkə də islahatın ən çox müzakirə olunan və sevinclə qarşılanan hissəsi budur. Artıq uşaq böyütmək sadəcə ananın öhdəliyi deyil. Uşağı doğulan kişilərə 14 təqvim günü müddətində tam ödənişli məzuniyyət hüququ verilir. Ödənişli olması nəyi dəyişir? Əvvəllər atalar bu dövrü ya öz illik məzuniyyətləri hesabına, ya da ödənişsiz götürməli olurdular. İndi isə ata, maaşı kəsilmədən ailəsinin ən həssas günlərində övladının və həyat yoldaşının yanında ola biləcək. Bu addım cəmiyyətdə gender bərabərliyini təşviq etməklə yanaşı, yeni doğulmuş körpənin ilk günlərində ata qayğısı ilə böyüməsinə rəsmi imkan yaradır.

 

3. Məzuniyyət müddəti artırılır

Yeni dəyişikliklərlə bəzi kateqoriyadan olan işçilər üçün illik əmək məzuniyyətinin müddəti azı 46 təqvim günü müəyyən edilib.

Kimlər bu üstünlükdən yararlanacaq?

  1. Müharibə veteranları və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlilliyi yaranmış şəxslər. 

  2. Ali təltif sahibləri: Azərbaycanın ən yüksək dövlət mükafatlarına layiq görülmüş şəxslər (məsələn: "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhrəmanı"). Dövlət bu işçilərin statusunu əmək bazarında da uca tutur.

 

4. İş vaxtı və ezamiyyətdə işçiləri xeyrinə dəyişikliklər tətbiq olunub

Müasir iş dünyasında bir insanın bir neçə yerdə çalışması geniş yayılıb. Yeni qaydalar bu ziddiyyətləri aradan qaldırır. Təsəvvür edin ki, iki yerdə çalışırsınız. Əsas iş yeriniz sizi başqa şəhərə və ya ölkəyə ezamiyyətə göndərir. Bəs ikinci iş yeriniz nə olacaq? Artıq qanun deyir ki, əsas iş yerində ezamiyyətdə olduğunuz müddətdə digər iş yeriniz sizə ödənişsiz məzuniyyət verməyə borcludur. Bu da işçini "iki od arasında" qalmaqdan və ikinci işini itirmək qorxusundan xilas edir.

 

5. Əmək mühafizəsi.

İşçilərin sayı 50-dən az olan yerlərdə əməyin mühafizəsi çox vaxt diqqətdən kənarda qalırdı. İndi isə ya işəgötürən bu işi təcrübəli və bilikli bir işçisinə rəsmən tapşırmalıdır, ya da xüsusi mühəndis/mütəxəssis ştatı açmalıdır. Məqsəd isə heç bir iş yerinin nəzarətsiz qalmamasıdır.

Yüksək riskli sahələrdə (tikinti, sənaye kimya və s.) çalışanlar üçün ildə ən azı bir dəfə təlim keçirilməsi icbari olur. Bu, bədbəxt hadisələrin sayını minimuma endirmək üçün atılan önəmli addımdır.

 

Bu islahatlar sübut edir ki, Azərbaycanın əmək qanunvericiliyi rəqəmsal dövrlə ayaqlaşır. Distant işrəqəmsallaşmanı, sosial paketlər humanistliyi, əmək mühafizəsi isə peşəkarlığı simvolizə edir. Artıq əmək münasibətləri sadəcə "maaş müqabilində iş" deyil, tərəflərin qarşılıqlı hörməti və təhlükəsizliyi üzərində qurulan uzunmüddətli tərəfdaşlıqdır.

 

Ətraflıbtn_right
24.11.2025

Azərbaycan Tekstil Assosiasiyası (ATA), Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) birgə təşkil etdikləri “Tekstil sektorunun inkişafı və qlobal inteqrasiyanın təşviqi” adlı seminarda sektorda yeni fürsətlər müzakirə edilib. Seminar çərçivəsində  tekstil sənayesinin beynəlxalq standartlara uyğun inkişafı, dayanıqlılıq, izləniləbilənlik, vergi güzəştləri, sertifikatlaşdırma, qanunvericilik təklifləri, ixrac potensialının artırılması, eləcə də yerli istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində konkret addımların həyata keçirilməsini nəzərdə tutur. 

Bu tədbir tekstil sektorunda fəaliyyət göstərən və ya bu sahəyə giriş etmək istəyən sahibkarlar üçün bir çox imkanlar yaradır.

 

Sahibkar olaraq nə etməlisiniz?

  1. Fokus sahəni müəyyən edin - Sahənizi dəqiqləşdirin, bu istehsal, emal, tekstil aksesuarları və ya konfeksiyon ola bilər və xammal-təchizat zəncirini təhlil edin.
     

  2. Qanunvericiliyə uyğunluğunu təmin edin - Sertifikatlaşdırma, keyfiyyət standartları, işçi hüquqları və ətraf mühit tələb-şərtləri kimi aspektlərə vaxtında riayət edin.
     

  3. Biznes modelini ixrac yönümlü qurun - Yerli bazarla yanaşı, xarici bazarlara yönəlmə strategiyasını hazırlayın, logistika, sertifikat, rəqabət analizini nəzərə alın.
     

  4. Riskləri minimuma endirin - Hüquqi və vergi məsələlərində peşəkar dəstək alın, beləliklə, qeyri-şəffaf əməliyyatlar və sonra yaranacaq məsuliyyət risklərindən qaçınmış olarsınız.
     

 

Tekstil sektoru Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu tekstil fabriki yaratmaq istəyən sahibkarlar üçün yalnız istehsal artımı deyil, həm də qalıcı biznes, ixrac yönümlü fəaliyyət və dayanıqlı sistem qurmaq üçün fürsətdir. Lakin uğur üçün yalnız imkanlar deyil, hüquqi və maliyyə bazanın sağlam qurulması da vacibdir. Tekstil sahəsində yeni fəaliyyətə başlamazdan öncə strategiyanızı hüquqi-vergi hazırlıqları ilə tamamladığınıza əmin olun.

Ətraflıbtn_right