searchclose
close
Sənədlərdən SSN bəndi silinir: bəs yığılan pensiya kapitalı haraya gedir?
blog

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan yeni fərmanla əmək və sosial sığorta qanunvericiliyi rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılır. Əgər siz dövlət qulluqçususunuzsa və ya kadr proseslərini idarə edirsinizsə, bu yeniliklər birbaşa fəaliyyətinizə təsir edəcək.

 

Dəyişikliyin mahiyyəti nədir?

27 fevral 2026-cı il tarixli Qanunun tətbiqi ilə dövlət qulluğu sənədləşməsində Sosial Sığorta Nömrəsi (SSN) dövrü rəsmən başa çatır. Bu addım bürokratik yükün azaldılması və dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması strategiyasının bir hissəsidir.

 

Hansı sənədlər yenilənir?

1 iyul 2026-cı il tarixindən etibarən aşağıdakı sənəd formalarından SSN bəndi çıxarılır:

 

  • Sınaq müddəti müqavilələri: Dövlət qulluğuna yeni qəbul edilənlərlə bağlanan müqavilələr.

  • Kadrlar uçotu vərəqəsi: Şəxsi işlərdə yer alan rəsmi anket formaları.

  • Daimi əmək müqavilələri: Dövlət qulluqçuları ilə bağlanan standart xidməti müqavilələr.

 

Bəs pensiya təminatı necə olacaq?

Ən çox verilən sual: "SSN çıxarılırsa, pensiyam necə hesablanacaq?" Sənədlərdən SSN-in çıxarılması sizin pensiya hüquqlarınıza toxunmur. 

 

  1. Artıq bütün sosial sığorta məlumatlarınız vahid sistem üzərindən yəni şəxsiyyət vəsiqənizin FİN kodu ilə izlənilir.

  2. Sistem daxilində fərdi uçot ləğv olunmur, sadəcə sənədlər üzərindəki artıq informasiya yükü təmizlənir.

  3. Pensiya kapitalının toplanması və hesablanması qaydaları olduğu kimi qalır. Rəqəmsal inteqrasiya sayəsində bu proses daha şəffaf və çevik olur.

 

 Bu dəyişiklik bizə nə verir?

Bu yenilik kadr kargüzarlığının ən son qanunvericilik tələblərinə uyğunlaşdırılmasını təmin edir. Nəticədə sənədləşmə prosedurları daha sadə, operativ və müasir standartlara uyğun həyata keçirilir.

Oxşar xəbərlər

02.03.2026

23 fevral 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib.

Dəyişikliklər əsasən texniki və prosedur xarakterlidir, lakin minimum əmək haqqı ilə bağlı mühüm bir məqam da əlavə olunub.

 

 

1. Səlahiyyətli orqanların adı dəqiqləşdirildi

36-cı və 261-ci maddələrdə “orqan” və “orqanları” ifadələri daha konkret formada yazılıb:

Artıq qanunda “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)”

ifadəsi istifadə olunur. Bu dəyişiklik hüquqi terminlərin daha dəqiq və konkret göstərilməsi məqsədi daşıyır.

 

 

2. Minimum əmək haqqına hər il baxılmalıdır

155-ci maddəyə əlavə olunan yeni müddəaya əsasən Minimum əmək haqqının məbləği ildə bir dəfədən az olmayaraq yenidən nəzərdən keçirilməlidir. Bu o deməkdir ki, minimum əmək haqqı rəsmi şəkildə hər il qiymətləndirilməli və zərurət olduqda dəyişdirilməlidir.

 

 

Bu dəyişikliklər bizneslər üçün nə deməkdir?

Edilmiş dəyişikliklər nəticəsində əmək qanunvericiliyində terminoloji dəqiqləşdirmə aparılmış, səlahiyyətli orqanların adı və hüquqi statusu daha konkret şəkildə ifadə olunmuşdur. Bu yanaşma normativ aktların tətbiqi zamanı mümkün qeyri-müəyyənliklərin aradan qaldırılmasına və hüquqi mexanizmlərin daha aydın formada icrasına xidmət edir.

Eyni zamanda, minimum əmək haqqının məbləğinin ildə azı bir dəfə yenidən nəzərdən keçirilməsi mexanizminin təsbit olunması bu sahədə qərarların daha sistemli əsaslarla qəbul edilməsini təmin edir. Bu dəyişikliklər praktik müstəvidə o deməkdir ki, şirkətlərin HR və hüquq şöbələri minimum əmək haqqı ilə bağlı illik yenilənmələri mütəmadi izləməli, əmək müqavilələrinin, daxili sənədlərin və əməkhaqqı siyasətinin qüvvədə olan tələblərə uyğunluğunu daim nəzarətdə saxlamalıdır.

 

Əmək münasibətləri, əmək müqavilələri və ya minimum əmək haqqının tətbiqi ilə bağlı suallarınız varsa, AzerLegal komandası sizə hüquqi dəstək göstərməyə hazırdır. Konsultasiya üçün bizimlə əlaqə saxlayın

Ətraflıbtn_right
21.11.2025

Azərbaycanın biznes mühiti getdikcə daha da aktivləşir. 2025-ci ilin əvvəlindən etibarən ölkədə qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 7,8% artaraq 200.806 vahidə çatıb. Bu göstərici sahibkarlıq fəaliyyətinə marağın artdığını və iqtisadi mühitin canlandığını təsdiqləyir.

 

Statistikaya əsasən:

  • 91,9% - Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC)
     

  • 1,1% - Səhmdar Cəmiyyətlər (ASC)
     

  • 1,1% - Kooperativlər və digər hüquqi formalar

 

 

Qeydiyyatdan keçən şirkətlərin 85%-i elektron qaydada təsis edilib. Bu isə ölkədə biznes açma prosesinin daha da sadələşdiyini, rəqəmsal xidmətlərin isə fəal şəkildə genişləndiyini göstərir.

 

İnvestisiya mənşəyinə görə:

  • 88,5% - yerli investisiyalı
     

  • 11,5% - xarici investisiyalı şirkətlərdir.

 

 

Rəqəmlər açıq şəkildə göstərir ki, sahibkarlar Azərbaycanda biznes qurarkən daha çox MMC formasına üstünlük verirlər. Bunun əsas səbəbi, bu hüquqi formanın risklərin məhdudlaşdırılması, vergi yükünün az olması və idarəetmədə çeviklik kimi üstünlüklərə malik olmasıdır. Elektron qeydiyyat imkanlarının artması isə ölkədə rəqəmsal sahibkarlığın inkişafına və biznes rahatlığının yüksəlməsinə şərait yaradır.

Azərbaycan biznes mühiti getdikcə daha da şəffaf və rahat hala gəlir. MMC-lərin üstünlüyü və elektron qeydiyyat sisteminin geniş tətbiqi, gələcəkdə daha çox sahibkarın öz biznesini rəsmi şəkildə təsis etməsinə və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verməsinə imkan yaradacaq.

Ətraflıbtn_right
23.02.2026

“AzerLegal Group” hüquq şirkəti logistika sektorunda fəaliyyət göstərən şirkətlərin hüquqi, əməliyyat və maliyyə risklərinin idarə edilməsi mövzusunda ixtisaslaşmış işgüzar görüş təşkil etmişdir. Tədbirin əsas məqsədi logistika əməliyyatları zamanı yaranan risklərin öncədən müəyyən edilməsi, preventiv idarəetmə mexanizmlərinin qurulması və şirkətlərin hüquqi müdafiə sistemlərinin gücləndirilməsindən ibarət olmuşdur.


Görüş çərçivəsində qeyd olunub ki, müasir logistika yalnız yük daşınması ilə məhdudlaşmır, eyni zamanda mürəkkəb hüquqi, maliyyə və əməliyyat risklərini özündə birləşdirir. Təqdimatda informasiya logistikasından anbarlamaya qədər bütün mərhələlərdə yaranan risklər təhlil edilib. Şirkətlərin üzləşdiyi əsas məsələlərdən biri risklər baş verdikdən sonra idarə olunmağa çalışılması, müqavilə bazasının qeyri-qənaətbəxşliyi və qoruma sistemlərinin öncədən qurulmaması olduğu diqqətə çatdırılıb. Bu cür yanaşmanın maliyyə itkiləri ilə yanaşı, həm də hüquqi məsuliyyət də yaratdığı vurğulanıb.

 

Tədbirdə yüklərin gecikməsi və zədələnməsi kimi əməliyyat riskləri ilə yanaşı, sığorta təminatının yoxluğu, əlavə cərimələr və valyuta tərəddüdləri kimi maliyyə faktorları da ətraflı izah olunub. Hüquqi müstəvidə isə məsuliyyət bölgüsünün qeyri-dəqiq müəyyən edilməsi və CMR, CIM, SMGS kimi beynəlxalq konvensiyaların yanlış tətbiqinin ciddi fəsadlara yol açdığı qeyd edilib.

 

Risklərin azaldılması üçün müqavilələrin detallı hazırlanması, yüklərin sığortalanması, sənədlərin hüquqi auditi və elektron monitorinq sistemlərinin tətbiqi əsas preventiv addımlar kimi təqdim olunub. Bildirilib ki, risklərin düzgün idarə edilməsi müştəri etibarını artırmaqla yanaşı, həmçinin müəssisənin bazar dəyərini də yüksəldir.

 

“AzerLegal Group” həmçinin sektorun ehtiyaclarına uyğun olaraq müqavilə hazırlığı, risk auditi, komplayens sistemlərinin qurulması, gömrük dəstəyi və yük iddialarının idarə edilməsi kimi ixtisaslaşmış xidmətlərini iştirakçıların diqqətinə çatdırıb. Görüşün yekununda bildirilib ki, bu növ sahəvi maarifləndirmə tədbirləri sektorun dayanıqlı inkişafı məqsədilə gələcəkdə də davam etdiriləcəkdir.

Ətraflıbtn_right
12.02.2026

16 yanvar 2026-cı il Azərbaycanın əmək bazarında bir dönüş nöqtəsi kimi tarixə düşdü. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən bu köklü islahatlar, illərdir alışdığımız "ənənəvi iş" modelini arxivə göndərərək, yerinə rəqəmsal, çevik və insan mərkəzli bir sistem gətirir. Dəyişikliklərin ana xəttini müasirləşmə təşkil edir. Artıq qanunvericilik iş dünyasındakı texnoloji sıçrayışları görməzdən gəlmir, əksinə, onları öz tərkibinə inteqrasiya edir. 

 

  1. Distant (uzaqdan) iş artıq qanunidir!

Uzun illərdir ki, "evdən işləmək" sadəcə şifahi razılaşmalar və ya sərbəst çalışanların (freelancer) seçimi idi. Lakin yeni era ilə "distant iş" anlayışı rəsmi hüquqi status qazandı. 

 

Bəs bu bizə nə qazandırır?

Məkan sərhədlərinin yox olması: Artıq işçinin fiziki olaraq ofisdə olması məcburi deyil. Əmək funksiyasını müasir İKT vasitələri (internet, bulud sistemləri, video-konfranslar) ilə yerinə yetirmək tamamilə leqallaşdı.

 

İş-həyat balansının qorunması: İşçilər yolda keçirdikləri saatları artıq ailələrinə və ya öz inkişaflarına sərf edə bilərlər. Bu da iş məhsuldarlığını birbaşa artıran əsas faktordur.

 

Xərclərin optimizasiyası:  İşçi yol xərci, ofis geyimi və kənarda yemək xərclərinə qənaət etmiş olur. Sahibkar da böyük ofis binalarına artıq ehtiyac duymur, eyni zamanda kommunal və icarə xərclərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur.

 

Rəsmi müqavilə təminatı: Əvvəllər distant işçilərin sosial təminatları (məzuniyyət, xəstəlik vərəqəsi və s.) bəzən sual altında qalırdısa, indi bu proses birbaşa əmək müqaviləsi ilə tənzimlənir.

 

Bu dəyişiklik həm də Azərbaycanın regionlarında yaşayan istedadlı gənclərin paytaxta gəlmədən Bakıdakı böyük şirkətlərdə rəsmi işləməsinə yol açır.

 

 

2. Sosial təminatlar gücləndirilir.

Bu islahatları "işçi sadəcə bir ştat vahididir" anlayışını sındırır. Yeni qanunvericilik işçini həm bir vətəndaş, həm də bir valideyn kimi dəyərləndirir.

Bu istiqamətdəki iki böyük yenilik cəmiyyətdə sosial ədaləti bərpa edir:

 

Hərbi xidmətə çağırış zamanı maddi və mənəvi dəstək

Vətən qarşısında borcunu yerinə yetirməyə gedən gənclərimiz üçün artıq maddi narahatlıqlar geridə qalır. Əgər işçi hərbi xidmətə çağırıldığı üçün əmək müqaviləsinə xitam verilirsə, işəgötürən ona orta aylıq əmək haqqının azı 3 misli məbləğində birdəfəlik müavinət ödəməlidir. Niyə bu vacibdir? Əvvəllər bu məbləğ daha az idi. İndi isə hərbi xidmətə yola düşən şəxs, həm özünün, həm də ailəsinin müəyyən müddətlik maddi ehtiyaclarını qarşılayacaq bir "sosial paket" ilə yola düşür. Bu da dövlətin orduya və əsgərə verdiyi dəyərin hüquqi təzahürüdür.

 

Atalıq məzuniyyəti 

Bəlkə də islahatın ən çox müzakirə olunan və sevinclə qarşılanan hissəsi budur. Artıq uşaq böyütmək sadəcə ananın öhdəliyi deyil. Uşağı doğulan kişilərə 14 təqvim günü müddətində tam ödənişli məzuniyyət hüququ verilir. Ödənişli olması nəyi dəyişir? Əvvəllər atalar bu dövrü ya öz illik məzuniyyətləri hesabına, ya da ödənişsiz götürməli olurdular. İndi isə ata, maaşı kəsilmədən ailəsinin ən həssas günlərində övladının və həyat yoldaşının yanında ola biləcək. Bu addım cəmiyyətdə gender bərabərliyini təşviq etməklə yanaşı, yeni doğulmuş körpənin ilk günlərində ata qayğısı ilə böyüməsinə rəsmi imkan yaradır.

 

3. Məzuniyyət müddəti artırılır

Yeni dəyişikliklərlə bəzi kateqoriyadan olan işçilər üçün illik əmək məzuniyyətinin müddəti azı 46 təqvim günü müəyyən edilib.

Kimlər bu üstünlükdən yararlanacaq?

  1. Müharibə veteranları və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlilliyi yaranmış şəxslər. 

  2. Ali təltif sahibləri: Azərbaycanın ən yüksək dövlət mükafatlarına layiq görülmüş şəxslər (məsələn: "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhrəmanı"). Dövlət bu işçilərin statusunu əmək bazarında da uca tutur.

 

4. İş vaxtı və ezamiyyətdə işçiləri xeyrinə dəyişikliklər tətbiq olunub

Müasir iş dünyasında bir insanın bir neçə yerdə çalışması geniş yayılıb. Yeni qaydalar bu ziddiyyətləri aradan qaldırır. Təsəvvür edin ki, iki yerdə çalışırsınız. Əsas iş yeriniz sizi başqa şəhərə və ya ölkəyə ezamiyyətə göndərir. Bəs ikinci iş yeriniz nə olacaq? Artıq qanun deyir ki, əsas iş yerində ezamiyyətdə olduğunuz müddətdə digər iş yeriniz sizə ödənişsiz məzuniyyət verməyə borcludur. Bu da işçini "iki od arasında" qalmaqdan və ikinci işini itirmək qorxusundan xilas edir.

 

5. Əmək mühafizəsi.

İşçilərin sayı 50-dən az olan yerlərdə əməyin mühafizəsi çox vaxt diqqətdən kənarda qalırdı. İndi isə ya işəgötürən bu işi təcrübəli və bilikli bir işçisinə rəsmən tapşırmalıdır, ya da xüsusi mühəndis/mütəxəssis ştatı açmalıdır. Məqsəd isə heç bir iş yerinin nəzarətsiz qalmamasıdır.

Yüksək riskli sahələrdə (tikinti, sənaye kimya və s.) çalışanlar üçün ildə ən azı bir dəfə təlim keçirilməsi icbari olur. Bu, bədbəxt hadisələrin sayını minimuma endirmək üçün atılan önəmli addımdır.

 

Bu islahatlar sübut edir ki, Azərbaycanın əmək qanunvericiliyi rəqəmsal dövrlə ayaqlaşır. Distant işrəqəmsallaşmanı, sosial paketlər humanistliyi, əmək mühafizəsi isə peşəkarlığı simvolizə edir. Artıq əmək münasibətləri sadəcə "maaş müqabilində iş" deyil, tərəflərin qarşılıqlı hörməti və təhlükəsizliyi üzərində qurulan uzunmüddətli tərəfdaşlıqdır.

 

Ətraflıbtn_right