
Sahibkarlar üçün yeni bir biznes məkanı tapmaq həyəcanverici olsa da, hüquqi detallara diqqət yetirilməməsi bu həyəcanın böyük maliyyə itkisi ilə nəticələnməsinə səbəb ola bilər. Təcrübədə ən çox rast gəlinən səhvlərdən biri, uzunmüddətli icarə müqaviləsinə güvənib obyektə ciddi investisiya yatırmaq, lakin müqavilənin ləğv şərtlərini nəzərdən qaçırmaqdır.
Müqavilədəki həmin "təhlükəli" cümlə nədir?
Bir çox icarə müqaviləsi notariusda standart şablonlar əsasında hazırlanır. Bu şablonlarda tez-tez rast gəlinən bir bənd var: “İcarəyə verən 1 ay qabaqcadan yazılı xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər.”
İlk baxışda adi bir prosedur qaydası kimi görünən bu cümlə, əslində sizin 3 və ya 5 illik müqavilənizi istənilən vaxt "1 aylıq müqaviləyə" çevirə bilər.
Proses necə baş verir?
Sahibkar 5 illik müqavilə imzaladığı üçün özünü güvəndə hiss edir. Obyektin dizaynı, təmiri və avadanlıqları üçün on minlərlə manat vəsait xərcləyir. Müəyyən müddət keçdikdən sonra mülk sahibi obyekti daha baha qiymətə başqasına icarəyə vermək istəyir və ya obyektin hazır təmirli halı onun planlarına uyğun gəlir.
Mülk sahibi müqavilədəki həmin bəndə əsaslanaraq sizə rəsmi bildiriş göndərir. 30 gün sonra sizin müqaviləniz qanuni şəkildə qüvvədən düşür.
Sizin tərəfinizdən qoyulan bütün yatırım mülk sahibinə qalır, siz isə biznesinizi sıfırdan başqa yerdə qurmaq məcburiyyətində qalırsınız.
Bəs riskdən necə qorunmalı?
Notariusun müqaviləni təsdiq etməsi, onun sizin maraqlarınızı tam qoruması demək deyil. Bu riskləri minimuma endirmək üçün aşağıdakı addımları atmağınız tövsiyə olunur:
-
Xitam şərtlərini məhdudlaşdırın: Müqavilədə birtərəfli xitam hüququnun yalnız müəyyən əsaslı səbəblər olduqda (məsələn, icarə haqqının ödənilməməsi) mümkün olduğunu qeyd edin.
-
İnvestisiyanın kompessasiyası: Əgər mülk sahibi müqaviləni vaxtından əvvəl (sizin təqsiriniz olmadan) ləğv edərsə, apardığınız təmir və investisiya xərclərinin geri ödənilməsi barədə bənd əlavə edin.
-
Bildiriş müddətini uzadın: 1 aylıq bildiriş müddəti biznesin köçürülməsi üçün kifayət deyil. Bu müddətin 3 və ya 6 ay olması üçün razılığa gəlin.
-
Hüquqi audit: İmzadan əvvəl müqaviləni mütləq peşəkar hüquqşünasa yoxlatdırın. Standart müqavilələr çox vaxt icarəyə verənin maraqlarını daha çox qoruyur.
Peşəkar dəstək alın
İcarə müqaviləsi sadəcə bir kağız parçası deyil, biznesinizin gələcəyinin təminatıdır. Yanlış qoyulan bir imza sizi illərlə topladığınız kapitaldan məhrum edə bilər.
Müqavilə bəndlərini nəzərdən keçirmək, gizli riskləri aşkar etmək və maraqlarınızı tam qoruyan hüquqi sənədlər hazırlamaq üçün bizə müraciət edə bilərsiniz. Biznesinizi təsadüflərə deyil, hüquqi zəmanətə etibar edin.
Oxşar bloqlar
Bir şirkət düşünün ki, 3 ildir fəaliyyət göstərir, marketinq və dizayn sahəsində böyük investisiyalar edir, brendini gücləndirir və bazarda tanınır. Müştərilər artıq brendi tanıyır, xidmətlərinə güvənir.
Amma bazar daim dəyişir və zaman-zaman kiçik şirkətlər və startuplar eyni və ya oxşar adları istifadə edərək tanınmış brendin uğurundan faydalanmağa çalışa bilər. Bu, müştəri qarışıqlığına, reputasiya itkilərinə və hətta gəlir zərərlərinə səbəb ola bilər.
Məsələn, Starbucks, 50+ illik uğuru olan qlobal bir brenddir. Lakin dünyada kiçik kafelər və startaplar “oxşar ad” istifadə edərək, Starbucks-ın tanınmışlığından faydalanmağa çalışıblar. Bu cür hallar brendin reputasiyasını təhlükəyə ata bilər.
Belə halların qarşısını almaq üçün bir neçə əsas strategiya mövcuddur:
1. Əmtəə nişanı qeydiyyatı (Trademark)
Əmtəə nişanı qeydiyyatı, şirkət adınızı və loqonuzu hüquqi şəkildə qorumağa imkan verir. Bu təkcə öz adınızı qorumaqla kifayətlənmir, həm də oxşar adların gələcəkdə istifadəsinin qarşısını alır, bazarda qarışıqlığı önləyir. Məsələn, Nike, yalnız “Nike” adını deyil, həm də oxşar görünüşlü və səsləşən adlarla idman ayaqqabısı və geyim istehsal edən şirkətlərin bazara girməsinin qarşısını hüquqi yolla alır.
2. Domain və sosial media adlarının qorunması
Şirkət adınızın mümkün qədər çox domain və sosial media kanallarında alınması gələcəkdə qarışıqlığın qarşısını alır. Məsələn, Coca-Cola, fərqli domain uzantılarını (coca-cola.com, coca-cola.net, coca-cola.org) alaraq, saxta saytların və oxşar adların yaratdığı qarışıqlığı minimuma endirir.
3. Rəqəmsal monitoring
Brendinizi qorumağın vacib hissəsi də internet və sosial mediada oxşar adların izlənməsidir. Brand24, Mention kimi alətlər sayəsində, yeni və oxşar ad istifadəsi erkən mərhələdə aşkarlanır. Bu, hüquqi addımların vaxtında atılmasına imkan verir və brendin reputasiyasının qorunmasına kömək edir.
4. Hüquqi tədbirlər və xəbərdarlıq məktubları
Əgər oxşar ad istifadəsi aşkar edilərsə, hüquqi xəbərdarlıq göndərmək mümkündür. Tesla, oxşar adlarla fəaliyyət göstərən startuplara qarşı bu proseduru tətbiq edib, potensial qarışıqlığı önləyib.
Brendin uğuru yalnız marketinq və xidmətlə ölçülmür. Hüquqi və strateji qoruma, brendin uzunmüddətli uğurunun əsas hissəsidir. Öz brendinizi qorumaq, qeydiyyatdan keçirmək, digital monitoring etmək və reputasiyanızı gücləndirmək kiçik görünən, amma uzun müddətdə böyük fərq yaradan qərarlardır.
Əmək müqaviləsi işçi ilə işəgötürən arasında bağlanan, tərəflərin qarşılıqlı hüquq və vəzifələrini, eləcə də əmək münasibətlərinin əsas şərtlərini müəyyən edən yazılı hüquqi sənəddir. Bu müqavilə işçinin hansı işi, hansı şərtlərlə və hansı müddət ərzində görəcəyini rəsmi şəkildə təsdiqləyir.
Əmək müqaviləsinin forması
Əmək müqaviləsi mütləq yazılı formada bağlanmalıdır və aşağıdakı tələblərə cavab verməlidir:
-
Müqavilə tərəflərin imzası ilə təsdiqlənir (hüquqi şəxslərdə möhür tətbiq oluna bilər);
-
Ən azı iki nüsxədə tərtib olunur;
-
Bir nüsxə işçiyə, digər nüsxə isə işəgötürənə təqdim edilir.
Yazılı müqavilənin olmaması işəgötürən üçün ciddi hüquqi məsuliyyət yaradır.
Əmək müqaviləsinin müddəti
Əmək müqaviləsi müddətinə görə iki formada bağlana bilər:
1. Müddətli əmək müqaviləsi
Tərəflərin razılığı ilə müəyyən olunmuş vaxt üçün bağlanır.
2. Müddətsiz əmək müqaviləsi
Müqavilədə müddət göstərilmədikdə, avtomatik olaraq müddətsiz hesab olunur.
Qeyd:
-
Müddətsiz bağlanmış əmək müqaviləsi tərəflərin razılığı olmadan sonradan müddətli müqavilə ilə əvəz edilə bilməz.
-
Əgər görüləcək işin daimi xarakter daşıdığı əvvəlcədən məlumdursa, əmək müqaviləsi müddətsiz bağlanmalıdır (Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar istisna olmaqla).
-
Müddətli əmək müqaviləsi fasiləsiz 5 ildən artıq davam edərsə, o, müddətsiz hesab olunur.
Əmək müqaviləsi olmadan işçi cəlb edilərsə nə baş verir?
Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi inzibati məsuliyyət yaradır.
Cərimələr:
-
Fiziki şəxslər üçün: 1.000 – 2.000 manat
-
Vəzifəli şəxslər üçün: 3.000 – 5.000 manat
-
Hüquqi şəxslər üçün: 20.000 – 25.000 manat
Sınaq müddəti nə qədər ola bilər?
Sınaq müddəti aşağıdakı qaydada müəyyən edilir:
-
6 ayadək bağlanmış müqavilələrdə maksimum 2 həftə;
-
Digər əmək müqavilələrində maksimum 3 ay;
-
Sınaq müddəti yalnız işçinin faktiki işlədiyi vaxtı əhatə edir;
-
Müvəqqəti əmək qabiliyyətsizliyi və ya üzrlü səbəbdən işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir;
-
Müqavilədə sınaq müddəti göstərilməyibsə, sınaq təyin edilməmiş hesab olunur.
İşçi əlavə işlə məşğul ola bilərmi?
Bəli. Əmək müqaviləsinin şərtləri imkan verdikdə işçi:
-
Əsas iş vaxtından sonra,
-
Həm öz iş yerində, həm də əvəzçilik qaydasında başqa iş yerlərində əlavə əmək fəaliyyəti ilə məşğul ola bilər.
İş vaxtından artıq iş necə ödənilir?
İş vaxtından artıq görülən işlər üçün əmək haqqı aşağıdakı qaydada hesablanır:
-
Vaxtamuzd sistemdə – saatlıq əmək haqqının ikiqatından az olmamaqla;
-
İşəmuzd sistemdə – əsas əmək haqqı tam ödənilməklə, əlavə olaraq müvafiq saatlıq tarifdən az olmayan məbləğdə.
Qeyd:
-
İş vaxtından artıq iş əlavə istirahət günü ilə əvəz edilə bilməz;
-
Əmək və ya kollektiv müqavilədə daha yüksək ödəniş nəzərdə tutula bilər.
İşəgötürən əmək müqaviləsini hansı hallarda ləğv edə bilər?
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
-
Müəssisə ləğv edildikdə;
-
Ştatların və ya işçilərin sayı ixtisar edildikdə;
-
İşçinin peşə və ixtisas səviyyəsinin tutduğu vəzifəyə uyğun olmaması rəsmi qərarla təsdiqləndikdə;
-
İşçi əmək öhdəliklərini yerinə yetirmədikdə və ya kobud pozuntuya yol verdikdə;
-
Sınaq müddətində işçi özünü doğrultmadıqda;
-
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçi yaş həddinə çatdıqda.
Şirkətlər böyümək istəyir. Daha çox müştəri, daha çox satış, daha böyük bazar payı. Amma reallıqda bu böyümə çox vaxt idarəolunmaz olur. Xərclər artır, proseslər yavaşlayır, resurslar səmərəsiz istifadə olunur və risklər çoxalır. Bu problemlərin səbəbi çox zaman satışda və ya marketinqdə axtarılır. Amma əsas səbəb daha dərin bir yerdə olur;
Satınalma prosesində. Çünki satınalma şirkətin bütün əməliyyatlarının mərkəzində dayanır və bir çox qərarların keyfiyyətini birbaşa təsir edir.
Satınalma biznesin görünməyən idarəetmə sistemidir.
Bir çox şirkət satınalmanı sadəcə ehtiyac yarananda məhsul və ya xidmət almaq kimi qəbul edir. Amma əslində satınalma bundan daha böyük rol oynayır. Bu proses resursların necə istifadə olunacağını müəyyən edir və xərclərin necə formalaşacağını təsir edir eyni zamanda şirkətin maliyyə dayanıqlığını formalaşdırır. Satınalma düzgün qurulmadıqda şirkət böyüsə belə bu böyümə qeyri stabil olur. Çünki arxasında sistem yoxdur.
Strateji yanaşma olmadan böyümə risklidir
Plansız satınalma qısa müddətdə problem yaratmaya bilər amma böyümə başladıqca təsiri daha aydın görünür. Şirkət daha çox sifariş verir amma eyni məhsulu fərqli qiymətlərlə alır. Yeni təchizatçılar əlavə olunur amma onların keyfiyyəti və etibarlılığı yoxlanılmır. Daxili proseslər artır amma standartlar formalaşmır. Nəticədə xərclər nəzarətdən çıxır əməliyyat yükü artır və qərarvermə çətinləşir. Bu isə böyüməni sürətləndirmək əvəzinə onu ləngidir.
Satınalma prosesinin strukturu
Effektiv satınalma prosesi iki əsas mərhələdən ibarətdir.
Procurement - strateji mərhələ
Bu mərhələ bütün prosesin təməlini təşkil edir. Burada ehtiyaclar müəyyən olunur, bazar araşdırılır, təchizatçılar analiz edilir, qiymət və şərtlər müqayisə olunur, risklər qiymətləndirilir. Bu mərhələnin əsas məqsədi doğru qərar verməkdir. Əgər bu hissə zəifdirsə sonrakı bütün addımlar yalnız nəticələri idarə etməyə çalışır
Purchasing - operativ mərhələ
Bu mərhələ artıq icra hissəsidir. Sifarişlərin verilməsi, çatdırılmanın izlənməsi,ödənişlərin həyata keçirilməsi. Bu proses nə qədər sürətli və düzgün işləsə də əgər əvvəlki mərhələ düzgün qurulmayıbsa effektiv nəticə vermir.
Ən böyük səhv Procurement mərhələsini nəzərə almamaqdır
Bir çox şirkət yalnız alış prosesinə fokuslanır. Yəni daha tez sifariş vermək, daha sürətli çatdırılma almaq. Amma əsas suallar cavabsız qalır. Bu məhsul həqiqətən lazımdırmı? Daha uyğun alternativ varmı? Bu təchizatçı ən doğru seçimdirmi? Uzunmüddətli təsir nə olacaq?
Bu suallar cavablandırılmadıqda satınalma qərarları qısa müddətli olur və uzun müddətdə zərər yaradır
Düzgün satınalma strategiyası nə verir?
Strukturlaşdırılmış və strateji yanaşma tətbiq olunduqda satınalma biznes üçün güclü idarəetmə alətinə çevrilir
Bu yanaşma xərclərə nəzarət yaradır, büdcə planlamasını daha dəqiq edir, təchizat zəncirini optimallaşdırır, riskləri minimuma endirir və daxili prosesləri standartlaşdırır. Ən vacibi isə qərarvermə daha məlumatlı və əsaslı olur. Bu isə yalnız qənaət deyil, davamlı və idarə olunan böyümə deməkdir
Satınalma strategiyası və maliyyə dayanıqlığı
Satınalma yalnız əməliyyat deyil, o həm də maliyyə strategiyasının bir hissəsidir. Düzgün idarə olunan satınalma nağd pul axınını daha stabil edir, gözlənilməz xərclərin qarşısını alır və investisiya imkanlarını artırır. Bu isə şirkətin böyüməsini daha dayanıqlı edir.
Böyümə yalnız satışın artması deyil, böyümə sistemlərin işləməsi deməkdir. Əgər satınalma prosesi plansızdırsa, böyümə ya çox baha başa gələcək ya da davamlı olmayacaq. Satınalma strategiyası isə bu prosesi idarə olunan hala gətirir. Böyümə təsadüf deyil, strategiyanın nəticəsidir.
Əlavə Dəyər Vergisi (ƏDV) sahibkarlıq fəaliyyətində mühüm yer tutur və müəyyən hallarda vergi ödəyiciləri üçün məcburi, bəzi hallarda isə könüllü xarakter daşıyır.
Aşağıdakı şəxslər ƏDV ödəyicisi sayılır:
-
ƏDV üzrə qeydiyyatdan keçmiş və ya keçməli olan rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər
-
Azərbaycan Respublikasına ƏDV-yə cəlb olunan malları idxal edən şəxslər (yalnız idxal əməliyyatları üzrə)
-
Azərbaycan ərazisində ƏDV qeydiyyatı olmadan iş görən və ya xidmət göstərən qeyri-rezidentlər (həmin xidmətlər üzrə)
-
Hüquqi şəxs yaratmadan həyata keçirilən birgə sahibkarlıq fəaliyyəti, bu halda ƏDV məqsədləri üçün ayrıca şəxs hesab olunur və uçotu aparan şəxs ƏDV ödəyicisi sayılır
-
Aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları, eləcə də bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər
ƏDV üzrə məcburi qeydiyyat vacibdirmi?
Əgər sahibkarlıq fəaliyyəti göstərən şəxsin ardıcıl 12 ay ərzində vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı aşırsa, o, növbəti ayın birinci günündən etibarən 10 gün ərzində ƏDV qeydiyyatı üçün vergi orqanına müraciət etməlidir.
Müəyyən sahələr (məsələn, sərnişin və yük daşımaları, yaşayış sahələrinin təqdim edilməsi və s.) üçün istisnalar mövcuddur.
Könüllü ƏDV qeydiyyatı mümkündürmü?
Məcburi qeydiyyata düşməyən şəxslər könüllü olaraq ƏDV qeydiyyatına müraciət edə bilərlər və xüsusilə avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən şəxslər ödənişləri və gəlirləri nağdsız qaydada həyata keçirdikdə, göstərilən xidmətləri elektron qaimə-faktura ilə rəsmiləşdirdikdə, həmçinin əməliyyat uçotunu vahid elektron sistem üzərindən apararaq vergi orqanına məsafədən çıxış imkanı yaratdıqda bu hüquqdan istifadə edə bilərlər.
ƏDV qeydiyyatı necə aparılır?
ƏDV qeydiyyatı üçün ərizə Vergi orqanının müəyyən etdiyi formada təqdim olunur. Vergi orqanı ərizədən sonra 5 iş günü ərzində şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrinə daxil edir. Qeydiyyat bildirişində vergi ödəyicisinin adı, VÖEN-i və qeydiyyatın qüvvəyə mindiyi tarix göstərilir.
ƏDV qeydiyyatının ləğvi necə aparılır?
Əgər vergi ödəyicisi ƏDV-yə cəlb olunan əməliyyatları tam dayandırırsa, qeydiyyatın ləğvi üçün ərizə təqdim etməlidir. Qeydiyyat əməliyyatların dayandırıldığı gün qüvvədən düşür.