
16 yanvar 2026-cı il Azərbaycanın əmək bazarında bir dönüş nöqtəsi kimi tarixə düşdü. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən bu köklü islahatlar, illərdir alışdığımız "ənənəvi iş" modelini arxivə göndərərək, yerinə rəqəmsal, çevik və insan mərkəzli bir sistem gətirir. Dəyişikliklərin ana xəttini müasirləşmə təşkil edir. Artıq qanunvericilik iş dünyasındakı texnoloji sıçrayışları görməzdən gəlmir, əksinə, onları öz tərkibinə inteqrasiya edir.
-
Distant (uzaqdan) iş artıq qanunidir!
Uzun illərdir ki, "evdən işləmək" sadəcə şifahi razılaşmalar və ya sərbəst çalışanların (freelancer) seçimi idi. Lakin yeni era ilə "distant iş" anlayışı rəsmi hüquqi status qazandı.
Bəs bu bizə nə qazandırır?
Məkan sərhədlərinin yox olması: Artıq işçinin fiziki olaraq ofisdə olması məcburi deyil. Əmək funksiyasını müasir İKT vasitələri (inteet, bulud sistemləri, video-konfranslar) ilə yerinə yetirmək tamamilə leqallaşdı.
İş-həyat balansının qorunması: İşçilər yolda keçirdikləri saatları artıq ailələrinə və ya öz inkişaflarına sərf edə bilərlər. Bu da iş məhsuldarlığını birbaşa artıran əsas faktordur.
Xərclərin optimizasiyası: İşçi yol xərci, ofis geyimi və kənarda yemək xərclərinə qənaət etmiş olur. Sahibkar da böyük ofis binalarına artıq ehtiyac duymur, eyni zamanda kommunal və icarə xərclərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur.
Rəsmi müqavilə təminatı: Əvvəllər distant işçilərin sosial təminatları (məzuniyyət, xəstəlik vərəqəsi və s.) bəzən sual altında qalırdısa, indi bu proses birbaşa əmək müqaviləsi ilə tənzimlənir.
Bu dəyişiklik həm də Azərbaycanın regionlarında yaşayan istedadlı gənclərin paytaxta gəlmədən Bakıdakı böyük şirkətlərdə rəsmi işləməsinə yol açır.
2. Sosial təminatlar gücləndirilir.
Bu islahatları "işçi sadəcə bir ştat vahididir" anlayışını sındırır. Yeni qanunvericilik işçini həm bir vətəndaş, həm də bir valideyn kimi dəyərləndirir.
Bu istiqamətdəki iki böyük yenilik cəmiyyətdə sosial ədaləti bərpa edir:
Hərbi xidmətə çağırış zamanı maddi və mənəvi dəstək
Vətən qarşısında borcunu yerinə yetirməyə gedən gənclərimiz üçün artıq maddi narahatlıqlar geridə qalır. Əgər işçi hərbi xidmətə çağırıldığı üçün əmək müqaviləsinə xitam verilirsə, işəgötürən ona orta aylıq əmək haqqının azı 3 misli məbləğində birdəfəlik müavinət ödəməlidir. Niyə bu vacibdir? Əvvəllər bu məbləğ daha az idi. İndi isə hərbi xidmətə yola düşən şəxs, həm özünün, həm də ailəsinin müəyyən müddətlik maddi ehtiyaclarını qarşılayacaq bir "sosial paket" ilə yola düşür. Bu da dövlətin orduya və əsgərə verdiyi dəyərin hüquqi təzahürüdür.
Atalıq məzuniyyəti
Bəlkə də islahatın ən çox müzakirə olunan və sevinclə qarşılanan hissəsi budur. Artıq uşaq böyütmək sadəcə ananın öhdəliyi deyil. Uşağı doğulan kişilərə 14 təqvim günü müddətində tam ödənişli məzuniyyət hüququ verilir. Ödənişli olması nəyi dəyişir? Əvvəllər atalar bu dövrü ya öz illik məzuniyyətləri hesabına, ya da ödənişsiz götürməli olurdular. İndi isə ata, maaşı kəsilmədən ailəsinin ən həssas günlərində övladının və həyat yoldaşının yanında ola biləcək. Bu addım cəmiyyətdə gender bərabərliyini təşviq etməklə yanaşı, yeni doğulmuş körpənin ilk günlərində ata qayğısı ilə böyüməsinə rəsmi imkan yaradır.
3. Məzuniyyət müddəti artırılır
Yeni dəyişikliklərlə bəzi kateqoriyadan olan işçilər üçün illik əmək məzuniyyətinin müddəti azı 46 təqvim günü müəyyən edilib.
Kimlər bu üstünlükdən yararlanacaq?
-
Müharibə veteranları və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlilliyi yaranmış şəxslər.
-
Ali təltif sahibləri: Azərbaycanın ən yüksək dövlət mükafatlarına layiq görülmüş şəxslər (məsələn: "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhrəmanı"). Dövlət bu işçilərin statusunu əmək bazarında da uca tutur.
4. İş vaxtı və ezamiyyətdə işçiləri xeyrinə dəyişikliklər tətbiq olunub
Müasir iş dünyasında bir insanın bir neçə yerdə çalışması geniş yayılıb. Yeni qaydalar bu ziddiyyətləri aradan qaldırır. Təsəvvür edin ki, iki yerdə çalışırsınız. Əsas iş yeriniz sizi başqa şəhərə və ya ölkəyə ezamiyyətə göndərir. Bəs ikinci iş yeriniz nə olacaq? Artıq qanun deyir ki, əsas iş yerində ezamiyyətdə olduğunuz müddətdə digər iş yeriniz sizə ödənişsiz məzuniyyət verməyə borcludur. Bu da işçini "iki od arasında" qalmaqdan və ikinci işini itirmək qorxusundan xilas edir.
5. Əmək mühafizəsi.
İşçilərin sayı 50-dən az olan yerlərdə əməyin mühafizəsi çox vaxt diqqətdən kənarda qalırdı. İndi isə ya işəgötürən bu işi təcrübəli və bilikli bir işçisinə rəsmən tapşırmalıdır, ya da xüsusi mühəndis/mütəxəssis ştatı açmalıdır. Məqsəd isə heç bir iş yerinin nəzarətsiz qalmamasıdır.
Yüksək riskli sahələrdə (tikinti, sənaye kimya və s.) çalışanlar üçün ildə ən azı bir dəfə təlim keçirilməsi icbari olur. Bu, bədbəxt hadisələrin sayını minimuma endirmək üçün atılan önəmli addımdır.
Bu islahatlar sübut edir ki, Azərbaycanın əmək qanunvericiliyi rəqəmsal dövrlə ayaqlaşır. Distant işrəqəmsallaşmanı, sosial paketlər humanistliyi, əmək mühafizəsi isə peşəkarlığı simvolizə edir. Artıq əmək münasibətləri sadəcə "maaş müqabilində iş" deyil, tərəflərin qarşılıqlı hörməti və təhlükəsizliyi üzərində qurulan uzunmüddətli tərəfdaşlıqdır.
Oxşar xəbərlər
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən son dəyişikliklər vergi ödəyicilərinin uçot məlumatlarının yenilənməsi ilə bağlı prosedurları daha da sərtləşdirib. Artıq sahibkarlar və şirkət rəhbərləri uçot məlumatlarında baş verən hər hansı dəyişikliyi vergi orqanına bildirmək üçün daha çevik hərəkət etməlidir.
Nələri bilmək vacibdi?
Əvvəlki qaydalara əsasən, vergi ödəyicisi uçot məlumatlarında (məsələn, yaşayış yeri, fəaliyyət ünvanı, rəhbər dəyişikliyi və s.) baş verən yenilikləri 40 gün ərzində bildirməli idi. Yeni qaydalara əsasən, bu müddət cəmi 15 gün müddətinədək azaldılıb. Bu dəyişiklik aşağıdakı halları əhatə edir:
Ünvan dəyişikliyi: Yaşayış yerinin və ya faktiki fəaliyyət göstərilən ünvanın dəyişməsi.
Uçot məlumatlarının yenilənməsi: Vergi orqanına təqdim olunmuş ilkin uçot ərizəsindəki hər hansı bir məlumatın (əlaqə vasitələri, fəaliyyət növü və s.) dəyişməsi.
İflas və müflisləşmə halları: Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin müflis elan olunması və ya iflas prosesinin yekunlaşması ilə bağlı məlumatların təqdim edilməsi.
Gecikmələr hansı riskli halları yaradır?
Müəyyən edilmiş 15 günlük müddətin ötürülməsi sadəcə prosedural bir səhv deyil, bu birbaşa maliyyə sanksiyaları və cərimələrlə nəticələnə bilən qanun pozuntusudur. Xüsusilə vergi nəzarəti tədbirləri zamanı uçot məlumatlarının yanlış olması sahibkarın işini çətinləşdirə və əlavə yoxlamalara zəmin yarada bilər.
Sahibkarlar üçün tövsiyələr
Qanunvericiliyin tələblərinə tam uyğun olmaq və gözlənilməz cərimələrdən yayınmaq üçün aşağıdakı addımları atmağınız tövsiyə olunur:
-
Sənəd dövriyyəsinə nəzarət: Ünvan və ya rəhbərlik dəyişikliyi kimi qərarlar verildiyi andan etibarən 15 günlük geri sayımın başladığını unutmayın.
-
Elektron kabinetin yoxlanılması: Məlumatların yenilənməsi prosesini onlayn şəkildə, vergi ödəyicisinin elektron kabineti vasitəsilə operativ icra edin.
-
Peşəkar dəstək: Vergi uçotu və hüquqi tənzimləmələr mürəkkəb ola bilər. Riskli vəziyyətlərdən qaçmaq üçün mütəxəssis məsləhətindən yararlanın.
Qanunu bilməmək məsuliyyətdən azad etmir. Dəyişikliklərdən vaxtında xəbərdar olmaq biznesinizin maliyyə dayanıqlığının təminatıdır.
Azərbaycanın biznes mühiti getdikcə daha da aktivləşir. 2025-ci ilin əvvəlindən etibarən ölkədə qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 7,8% artaraq 200.806 vahidə çatıb. Bu göstərici sahibkarlıq fəaliyyətinə marağın artdığını və iqtisadi mühitin canlandığını təsdiqləyir.
Statistikaya əsasən:
-
91,9% - Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC)
-
1,1% - Səhmdar Cəmiyyətlər (ASC)
-
1,1% - Kooperativlər və digər hüquqi formalar
Qeydiyyatdan keçən şirkətlərin 85%-i elektron qaydada təsis edilib. Bu isə ölkədə biznes açma prosesinin daha da sadələşdiyini, rəqəmsal xidmətlərin isə fəal şəkildə genişləndiyini göstərir.
İnvestisiya mənşəyinə görə:
-
88,5% - yerli investisiyalı
-
11,5% - xarici investisiyalı şirkətlərdir.
Rəqəmlər açıq şəkildə göstərir ki, sahibkarlar Azərbaycanda biznes qurarkən daha çox MMC formasına üstünlük verirlər. Bunun əsas səbəbi, bu hüquqi formanın risklərin məhdudlaşdırılması, vergi yükünün az olması və idarəetmədə çeviklik kimi üstünlüklərə malik olmasıdır. Elektron qeydiyyat imkanlarının artması isə ölkədə rəqəmsal sahibkarlığın inkişafına və biznes rahatlığının yüksəlməsinə şərait yaradır.
Azərbaycan biznes mühiti getdikcə daha da şəffaf və rahat hala gəlir. MMC-lərin üstünlüyü və elektron qeydiyyat sisteminin geniş tətbiqi, gələcəkdə daha çox sahibkarın öz biznesini rəsmi şəkildə təsis etməsinə və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verməsinə imkan yaradacaq.
2026-cı ildən etibarən Azərbaycanda kiçik və orta sahibkarlar üçün vergi qanunvericiliyində mühüm yeniliklər qüvvəyə minir. Bu dəyişikliklər əsasən nağdsız ödənişləri qəbul edən, POS-terminaldan istifadə edən və ƏDV qeydiyyatında olmayan biznes subyektləri üçün nəzərdə tutulub. Yeni qaydalar həm vergi yükünü azaltmağı, həm də ölkədə nağdsız dövriyyəni daha da stimullaşdırmağı hədəfləyir.
Yeni qaydalara əsasən, ƏDV qeydiyyatında olmayan sahibkarların POS-terminal vasitəsilə qəbul etdiyi nağdsız ödənişlər vergi dövriyyəsinin hesablanması zamanı 0,5 əmsalı ilə nəzərə alınacaq. Bu, praktikada o deməkdir ki, sadələşdirilmiş vergi üzrə illik dövriyyə limiti faktiki olaraq 200.000 manatdan 400.000 manata qədər artmış hesab olunur.
Məsələn, POS-terminal vasitəsilə il ərzində 400.000 manat dövriyyə əldə edən sahibkar üçün bu məbləğ vergi hesablamasında 200.000 manat kimi qiymətləndirilir. Nəticədə, sahibkar ƏDV qeydiyyatına keçmədən fəaliyyətini daha uzun müddət sadələşdirilmiş rejimdə davam etdirə bilir. Bu mexanizm xüsusilə pərakəndə ticarət, ictimai iaşə və digər xidmət sahələrində çalışan kiçik biznes subyektləri üçün xüsusi əhəmiyyət kəsb edir.
Xidmət sektorunda vergi endirimi
2026-cı ildən tətbiq olunacaq digər mühüm dəyişiklik xidmət sektorunu əhatə edir. Əhaliyə göstərilən xidmətlər üzrə nağdsız ödənişlərə tətbiq olunan sadələşdirilmiş vergi dərəcəsi 8 faizdən 6 faizə endirilir. Sahibkarların maliyyə yükünü yüngülləşdirən bu güzəşt 3 il müddətində qüvvədə olacaq. Vergi dərəcəsinin azaldılması həm sahibkarların xərclərini azaldır, həm də nağdsız ödənişlərin daha geniş yayılmasına şərait yaradır.
Yeni dəyişikliklərin biznesə faydaları
Tətbiq olunan bu yeniliklər kiçik və orta bizneslər üçün bir sıra üstünlüklər təmin edir:
1. Vergi yükünün azalması. Aşağı vergi dərəcələri sahibkarın gəlirliliyini artırır.
2. Nağdsız dövriyyənin təşviqi. POS-terminaldan istifadə maliyyə baxımından daha sərfəli olur.
3. Maliyyə şəffafılığı. Hesabatlılığın asanlaşması və dövriyyənin şəffaf izlənilməsi.
4. Sadə rejimdə qalma imkanı. ƏDV qeydiyyatına keçidin gecikdirilməsi ilə sahibkar mürəkkəb uçot sistemindən azad olur.
2026-cı ildən qüvvəyə minən bu islahatlar dövlətin kiçik biznesi dəstəkləmək və şəffaf iqtisadi mühiti genişləndirmək strategiyasının mühüm tərkib hissəsidir. POS-terminaldan aktiv istifadə edən sahibkarlar üçün bu dəyişikliklər həm maliyyə qənaəti, həm də əməliyyat rahatlığı baxımından yeni inkişaf imkanları açır.
23 fevral 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib.
Dəyişikliklər əsasən texniki və prosedur xarakterlidir, lakin minimum əmək haqqı ilə bağlı mühüm bir məqam da əlavə olunub.
1. Səlahiyyətli orqanların adı dəqiqləşdirildi
36-cı və 261-ci maddələrdə “orqan” və “orqanları” ifadələri daha konkret formada yazılıb:
Artıq qanunda “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)”
ifadəsi istifadə olunur. Bu dəyişiklik hüquqi terminlərin daha dəqiq və konkret göstərilməsi məqsədi daşıyır.
2. Minimum əmək haqqına hər il baxılmalıdır
155-ci maddəyə əlavə olunan yeni müddəaya əsasən Minimum əmək haqqının məbləği ildə bir dəfədən az olmayaraq yenidən nəzərdən keçirilməlidir. Bu o deməkdir ki, minimum əmək haqqı rəsmi şəkildə hər il qiymətləndirilməli və zərurət olduqda dəyişdirilməlidir.