searchclose
close
Xəbərlər
Mütəxəssis məsləhəti ilə biznesinizi gücləndirin. "Azər Legal Group" MMC olaraq biz sizin uğurunuzu təmin etmək üçün fərdiləşdirilmiş həllər və strateji təlimat təklif edirik. Etibarlı tərəfdaşınız olaraq bizi seçin və biznesinizi yeni zirvələrə aparın.
  • WUF13 ilə bağlı vergi güzəştləri: Biznes üçün yeni imkanlar açılır
    WUF13 ilə bağlı vergi güzəştləri: Biznes üçün yeni imkanlar açılır

    Azərbaycan beynəlxalq miqyaslı Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) ev sahibliyi etməyə hazırlaşır. Bu mühüm tədbirlə əlaqədar olaraq dövlət biznes və beynəlxalq tərəfdaşlar üçün xüsusi vergi güzəştləri tətbiq edib.

    Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, WUF13 ilə bağlı müəyyən royalti ödənişlərinə 2025-ci il 1 sentyabrdan etibarən bir il müddətinə vergi güzəşti qüvvəyə minəcək.

     

    Vergi güzəşti hansı ödənişlərə şamil olunur?

    Dəyişikliklərə əsasən, forumun təşkili ilə bağlı qeyri-maddi aktivlər (brend, proqram təminatı, media kontenti, dizayn və s.) üzərində müəllif hüquqlarından istifadə, və ya istifadə hüquqlarının verilməsi üzrə müvafiq dövlət qurumu ilə bağlanmış müqavilə əsasında qeyri-rezident hüquqi şəxslərə ödənilən royalti gəlirləri vergidən azad edilir.

    Bu isə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edən təşkilatlar üçün ciddi maliyyə üstünlüyü deməkdir.

     

    Niyə bu qərar biznes üçün vacibdir?

    Bu addım Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üçün rəqabətqabiliyyətli hüquqi mühit yaratmaq, xarici tərəfdaşların ölkəyə marağını artırmaq və eləcədə intellektual mülkiyyətin istifadəsini daha çevik və sərfəli etmək strategiyasının bir hissəsidir.

    Vergi yükünün azaldılması həm dövlət qurumları, həm də tədbirin təşkilində iştirak edən yerli və xarici şirkətlər üçün əlavə maliyyə rahatlığı yaradır.

     

    Hüquqi risklər və diqqət edilməli məqamlar

    Royalti ödənişləri üzrə vergi güzəştləri tətbiq olunsa da, müqavilələrin düzgün strukturlaşdırılması və Vergi Məcəlləsinə uyğun tərtibi kritik əhəmiyyət daşıyır.

    Xüsusilə qeyri-rezidentlərlə müqavilələrin hüquqi analizi, vergitutma mexanizminin düzgün tətbiqi, güzəşt müddətinin hüquqi əsaslarla müəyyən edilməsi şirkətlər üçün potensial risklərin qarşısını almaqda mühüm rol oynayır.

     

    AzerLegal Group beynəlxalq tədbirlər, intellektual mülkiyyət hüquqları və vergi planlaşdırılması üzrə ixtisaslaşmış hüquqi xidmətlər təqdim edir. Biz sizə:

    • qeyri-rezidentlərlə bağlanan müqavilələrin hüquqi ekspertizasını,

    • royalti ödənişlərinin vergitutma strukturlarının optimallaşdırılmasını,

    • vergi güzəştlərindən maksimum faydalanmaq üçün hüquqi strategiyanın qurulmasını peşəkar şəkildə təmin edirik.

    25.02.2026

    Ətraflı

    right
  • “AzerLegal Group” logistika sektorunda əməliyyat, maliyyə və hüquqi risklər mövzusunda görüş keçirib
    “AzerLegal Group” logistika sektorunda əməliyyat, maliyyə və hüquqi risklər mövzusunda görüş keçirib

    “AzerLegal Group” hüquq şirkəti logistika sektorunda fəaliyyət göstərən şirkətlərin hüquqi, əməliyyat və maliyyə risklərinin idarə edilməsi mövzusunda ixtisaslaşmış işgüzar görüş təşkil etmişdir. Tədbirin əsas məqsədi logistika əməliyyatları zamanı yaranan risklərin öncədən müəyyən edilməsi, preventiv idarəetmə mexanizmlərinin qurulması və şirkətlərin hüquqi müdafiə sistemlərinin gücləndirilməsindən ibarət olmuşdur.


    Görüş çərçivəsində qeyd olunub ki, müasir logistika yalnız yük daşınması ilə məhdudlaşmır, eyni zamanda mürəkkəb hüquqi, maliyyə və əməliyyat risklərini özündə birləşdirir. Təqdimatda informasiya logistikasından anbarlamaya qədər bütün mərhələlərdə yaranan risklər təhlil edilib. Şirkətlərin üzləşdiyi əsas məsələlərdən biri risklər baş verdikdən sonra idarə olunmağa çalışılması, müqavilə bazasının qeyri-qənaətbəxşliyi və qoruma sistemlərinin öncədən qurulmaması olduğu diqqətə çatdırılıb. Bu cür yanaşmanın maliyyə itkiləri ilə yanaşı, həm də hüquqi məsuliyyət də yaratdığı vurğulanıb.

     

    Tədbirdə yüklərin gecikməsi və zədələnməsi kimi əməliyyat riskləri ilə yanaşı, sığorta təminatının yoxluğu, əlavə cərimələr və valyuta tərəddüdləri kimi maliyyə faktorları da ətraflı izah olunub. Hüquqi müstəvidə isə məsuliyyət bölgüsünün qeyri-dəqiq müəyyən edilməsi və CMR, CIM, SMGS kimi beynəlxalq konvensiyaların yanlış tətbiqinin ciddi fəsadlara yol açdığı qeyd edilib.

     

    Risklərin azaldılması üçün müqavilələrin detallı hazırlanması, yüklərin sığortalanması, sənədlərin hüquqi auditi və elektron monitorinq sistemlərinin tətbiqi əsas preventiv addımlar kimi təqdim olunub. Bildirilib ki, risklərin düzgün idarə edilməsi müştəri etibarını artırmaqla yanaşı, həmçinin müəssisənin bazar dəyərini də yüksəldir.

     

    “AzerLegal Group” həmçinin sektorun ehtiyaclarına uyğun olaraq müqavilə hazırlığı, risk auditi, komplayens sistemlərinin qurulması, gömrük dəstəyi və yük iddialarının idarə edilməsi kimi ixtisaslaşmış xidmətlərini iştirakçıların diqqətinə çatdırıb. Görüşün yekununda bildirilib ki, bu növ sahəvi maarifləndirmə tədbirləri sektorun dayanıqlı inkişafı məqsədilə gələcəkdə də davam etdiriləcəkdir.

    23.02.2026

    Ətraflı

    right
  • Patent sistemindəki yenilik ixtiracılara daha çox qazandıracaq!
    Patent sistemindəki yenilik ixtiracılara daha çox qazandıracaq!

    Azərbaycan Respublikasının Milli Məclisi "Patent haqqında" qanundakı dəyişikliklər həm yerli ixtiraçılar, həm də xarici investorlar üçün maneələri aradan qaldırmağı və prosesləri sürətləndirməyi hədəfləyir.

     

    Bəs bu yeniliklər bizə nə qazandıracaq?

     

    1. Ekspertiza müddəti kəskin azalır

    Əgər əvvəllər patent almaq üçün ekspertiza müddəti 12 ay çəkirdisə, yeni qanunla bu müddət əhəmiyyətli dərəcədə qısaldılacaq. Bu, ixtiraçıların öz məhsullarını bazara daha tez çıxarmasına və rəqabətdə öndə olmasına şərait yaradacaq. İxtiranız köhnəlmədən, bazarda rəqibləriniz sizi ötmədən hüquqi qoruma əldə edəcəksiniz. 

     

    2. “50/50" Qaydası: Əməyiniz artıq daha dəyərlidir! 

    Əgər bir şirkətdə çalışırsınızsa və işəgötürənin tapşırığı ilə ixtira etmisinizsə, artıq qazancın böyük hissəsi sizindir. Şirkət çəkdiyi xərcləri çıxdıqdan sonra qalan xalis gəlirin azı 50%-ni müəllifə (sizə) ödəməlidir. Bu da elmi fəaliyyətlə məşğul olan şəxslər üçün böyük maddi stimul deməkdir.

     

    3. Xarici iddiaçılar üçün "açıq qapı" elan edilir

    Əvvəlki qaydalara görə, xarici vətəndaşlar və şirkətlər yalnız patent müvəkkilləri vasitəsilə müraciət edə bilirdilər. İndi isə xarici iddiaçılar bir sıra prosedurlar üçün birbaşa milli patent ofisinə müraciət edə biləcəklər Bu dəyişiklik həm vaxt itkisini azaldacaq, həm də əlavə xərcləri ortadan qaldıracaq. Eyni zamanda bu daha çox xarici texnologiya, daha çox investisiya və Azərbaycan patentinin dünya reytinqində yüksəlişi deməkdir.

     

    4. Beynəlxalq standartlara uyğunlaşma

    Dəyişikliklər Azərbaycan qanunvericiliyini Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə tam uyğunlaşdırır. Bu isə ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirəcək. 

     

     

    Bu islahatlar təkcə kağız üzərində dəyişiklik deyil, həm də ölkədə innovativ mühitin canlanması, ixtiraçıların əməyinin qiymətləndirilməsi və xarici texnologiyaların ölkəmizə daha rahat gəlişi üçün atılmış strateji addımdır.

     

    13.02.2026

    Ətraflı

    right
  • İş dünyasında artıq yeni dövr başlayır!
    İş dünyasında artıq yeni dövr başlayır!

    16 yanvar 2026-cı il Azərbaycanın əmək bazarında bir dönüş nöqtəsi kimi tarixə düşdü. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən bu köklü islahatlar, illərdir alışdığımız "ənənəvi iş" modelini arxivə göndərərək, yerinə rəqəmsal, çevik və insan mərkəzli bir sistem gətirir. Dəyişikliklərin ana xəttini müasirləşmə təşkil edir. Artıq qanunvericilik iş dünyasındakı texnoloji sıçrayışları görməzdən gəlmir, əksinə, onları öz tərkibinə inteqrasiya edir. 

     

    1. Distant (uzaqdan) iş artıq qanunidir!

    Uzun illərdir ki, "evdən işləmək" sadəcə şifahi razılaşmalar və ya sərbəst çalışanların (freelancer) seçimi idi. Lakin yeni era ilə "distant iş" anlayışı rəsmi hüquqi status qazandı. 

     

    Bəs bu bizə nə qazandırır?

    Məkan sərhədlərinin yox olması: Artıq işçinin fiziki olaraq ofisdə olması məcburi deyil. Əmək funksiyasını müasir İKT vasitələri (inteet, bulud sistemləri, video-konfranslar) ilə yerinə yetirmək tamamilə leqallaşdı.

     

    İş-həyat balansının qorunması: İşçilər yolda keçirdikləri saatları artıq ailələrinə və ya öz inkişaflarına sərf edə bilərlər. Bu da iş məhsuldarlığını birbaşa artıran əsas faktordur.

     

    Xərclərin optimizasiyası:  İşçi yol xərci, ofis geyimi və kənarda yemək xərclərinə qənaət etmiş olur. Sahibkar da böyük ofis binalarına artıq ehtiyac duymur, eyni zamanda kommunal və icarə xərclərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur.

     

    Rəsmi müqavilə təminatı: Əvvəllər distant işçilərin sosial təminatları (məzuniyyət, xəstəlik vərəqəsi və s.) bəzən sual altında qalırdısa, indi bu proses birbaşa əmək müqaviləsi ilə tənzimlənir.

     

    Bu dəyişiklik həm də Azərbaycanın regionlarında yaşayan istedadlı gənclərin paytaxta gəlmədən Bakıdakı böyük şirkətlərdə rəsmi işləməsinə yol açır.

     

     

    2. Sosial təminatlar gücləndirilir.

    Bu islahatları "işçi sadəcə bir ştat vahididir" anlayışını sındırır. Yeni qanunvericilik işçini həm bir vətəndaş, həm də bir valideyn kimi dəyərləndirir.

    Bu istiqamətdəki iki böyük yenilik cəmiyyətdə sosial ədaləti bərpa edir:

     

    Hərbi xidmətə çağırış zamanı maddi və mənəvi dəstək

    Vətən qarşısında borcunu yerinə yetirməyə gedən gənclərimiz üçün artıq maddi narahatlıqlar geridə qalır. Əgər işçi hərbi xidmətə çağırıldığı üçün əmək müqaviləsinə xitam verilirsə, işəgötürən ona orta aylıq əmək haqqının azı 3 misli məbləğində birdəfəlik müavinət ödəməlidir. Niyə bu vacibdir? Əvvəllər bu məbləğ daha az idi. İndi isə hərbi xidmətə yola düşən şəxs, həm özünün, həm də ailəsinin müəyyən müddətlik maddi ehtiyaclarını qarşılayacaq bir "sosial paket" ilə yola düşür. Bu da dövlətin orduya və əsgərə verdiyi dəyərin hüquqi təzahürüdür.

     

    Atalıq məzuniyyəti 

    Bəlkə də islahatın ən çox müzakirə olunan və sevinclə qarşılanan hissəsi budur. Artıq uşaq böyütmək sadəcə ananın öhdəliyi deyil. Uşağı doğulan kişilərə 14 təqvim günü müddətində tam ödənişli məzuniyyət hüququ verilir. Ödənişli olması nəyi dəyişir? Əvvəllər atalar bu dövrü ya öz illik məzuniyyətləri hesabına, ya da ödənişsiz götürməli olurdular. İndi isə ata, maaşı kəsilmədən ailəsinin ən həssas günlərində övladının və həyat yoldaşının yanında ola biləcək. Bu addım cəmiyyətdə gender bərabərliyini təşviq etməklə yanaşı, yeni doğulmuş körpənin ilk günlərində ata qayğısı ilə böyüməsinə rəsmi imkan yaradır.

     

    3. Məzuniyyət müddəti artırılır

    Yeni dəyişikliklərlə bəzi kateqoriyadan olan işçilər üçün illik əmək məzuniyyətinin müddəti azı 46 təqvim günü müəyyən edilib.

    Kimlər bu üstünlükdən yararlanacaq?

    1. Müharibə veteranları və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlilliyi yaranmış şəxslər. 

    2. Ali təltif sahibləri: Azərbaycanın ən yüksək dövlət mükafatlarına layiq görülmüş şəxslər (məsələn: "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhrəmanı"). Dövlət bu işçilərin statusunu əmək bazarında da uca tutur.

     

    4. İş vaxtı və ezamiyyətdə işçiləri xeyrinə dəyişikliklər tətbiq olunub

    Müasir iş dünyasında bir insanın bir neçə yerdə çalışması geniş yayılıb. Yeni qaydalar bu ziddiyyətləri aradan qaldırır. Təsəvvür edin ki, iki yerdə çalışırsınız. Əsas iş yeriniz sizi başqa şəhərə və ya ölkəyə ezamiyyətə göndərir. Bəs ikinci iş yeriniz nə olacaq? Artıq qanun deyir ki, əsas iş yerində ezamiyyətdə olduğunuz müddətdə digər iş yeriniz sizə ödənişsiz məzuniyyət verməyə borcludur. Bu da işçini "iki od arasında" qalmaqdan və ikinci işini itirmək qorxusundan xilas edir.

     

    5. Əmək mühafizəsi.

    İşçilərin sayı 50-dən az olan yerlərdə əməyin mühafizəsi çox vaxt diqqətdən kənarda qalırdı. İndi isə ya işəgötürən bu işi təcrübəli və bilikli bir işçisinə rəsmən tapşırmalıdır, ya da xüsusi mühəndis/mütəxəssis ştatı açmalıdır. Məqsəd isə heç bir iş yerinin nəzarətsiz qalmamasıdır.

    Yüksək riskli sahələrdə (tikinti, sənaye kimya və s.) çalışanlar üçün ildə ən azı bir dəfə təlim keçirilməsi icbari olur. Bu, bədbəxt hadisələrin sayını minimuma endirmək üçün atılan önəmli addımdır.

     

    Bu islahatlar sübut edir ki, Azərbaycanın əmək qanunvericiliyi rəqəmsal dövrlə ayaqlaşır. Distant işrəqəmsallaşmanı, sosial paketlər humanistliyi, əmək mühafizəsi isə peşəkarlığı simvolizə edir. Artıq əmək münasibətləri sadəcə "maaş müqabilində iş" deyil, tərəflərin qarşılıqlı hörməti və təhlükəsizliyi üzərində qurulan uzunmüddətli tərəfdaşlıqdır.

     

    12.02.2026

    Ətraflı

    right
  • 2026-cı ildən sadələşdirilmiş vergi rejimində yeni qaydalar. Sahibkarlar üçün nələr dəyişir?
    2026-cı ildən sadələşdirilmiş vergi rejimində yeni qaydalar. Sahibkarlar üçün nələr dəyişir?

    ​2026-cı ildən etibarən Azərbaycanda kiçik və orta sahibkarlar üçün vergi qanunvericiliyində mühüm yeniliklər qüvvəyə minir. Bu dəyişikliklər əsasən nağdsız ödənişləri qəbul edən, POS-terminaldan istifadə edən və ƏDV qeydiyyatında olmayan biznes subyektləri üçün nəzərdə tutulub. Yeni qaydalar həm vergi yükünü azaltmağı, həm də ölkədə nağdsız dövriyyəni daha da stimullaşdırmağı hədəfləyir.

    ​Yeni qaydalara əsasən, ƏDV qeydiyyatında olmayan sahibkarların POS-terminal vasitəsilə qəbul etdiyi nağdsız ödənişlər vergi dövriyyəsinin hesablanması zamanı 0,5 əmsalı ilə nəzərə alınacaq. Bu, praktikada o deməkdir ki, sadələşdirilmiş vergi üzrə illik dövriyyə limiti faktiki olaraq 200.000 manatdan 400.000 manata qədər artmış hesab olunur.

     

    ​Məsələn, POS-terminal vasitəsilə il ərzində 400.000 manat dövriyyə əldə edən sahibkar üçün bu məbləğ vergi hesablamasında 200.000 manat kimi qiymətləndirilir. Nəticədə, sahibkar ƏDV qeydiyyatına keçmədən fəaliyyətini daha uzun müddət sadələşdirilmiş rejimdə davam etdirə bilir. Bu mexanizm xüsusilə pərakəndə ticarət, ictimai iaşə və digər xidmət sahələrində çalışan kiçik biznes subyektləri üçün xüsusi əhəmiyyət kəsb edir.

     

    Xidmət sektorunda vergi endirimi

     

    ​2026-cı ildən tətbiq olunacaq digər mühüm dəyişiklik xidmət sektorunu əhatə edir. Əhaliyə göstərilən xidmətlər üzrə nağdsız ödənişlərə tətbiq olunan sadələşdirilmiş vergi dərəcəsi 8 faizdən 6 faizə endirilir. Sahibkarların maliyyə yükünü yüngülləşdirən bu güzəşt 3 il müddətində qüvvədə olacaq. Vergi dərəcəsinin azaldılması həm sahibkarların xərclərini azaldır, həm də nağdsız ödənişlərin daha geniş yayılmasına şərait yaradır.

     

    ​Yeni dəyişikliklərin biznesə faydaları

     

    ​Tətbiq olunan bu yeniliklər kiçik və orta bizneslər üçün bir sıra üstünlüklər təmin edir:

     

    ​1. Vergi yükünün azalması. Aşağı vergi dərəcələri sahibkarın gəlirliliyini artırır.

    2. ​Nağdsız dövriyyənin təşviqi. POS-terminaldan istifadə maliyyə baxımından daha sərfəli olur.

    3. ​Maliyyə şəffafılığı. Hesabatlılığın asanlaşması və dövriyyənin şəffaf izlənilməsi.

    4. ​Sadə rejimdə qalma imkanı. ƏDV qeydiyyatına keçidin gecikdirilməsi ilə sahibkar mürəkkəb uçot sistemindən azad olur.

     

    ​2026-cı ildən qüvvəyə minən bu islahatlar dövlətin kiçik biznesi dəstəkləmək və şəffaf iqtisadi mühiti genişləndirmək strategiyasının mühüm tərkib hissəsidir. POS-terminaldan aktiv istifadə edən sahibkarlar üçün bu dəyişikliklər həm maliyyə qənaəti, həm də əməliyyat rahatlığı baxımından yeni inkişaf imkanları açır.

    03.02.2026

    Ətraflı

    right
  • Artıq məzuniyyətdə olarkən belə maaşınız eyni qalacaq
    Artıq məzuniyyətdə olarkən belə maaşınız eyni qalacaq

    Əmək Məcəlləsinə edilən yeni dəyişikliklər işçilərin xeyrinədir.

     

    Artıq məzuniyyətdə olduğunuz müddətdə hesablanan əməkhaqqı son aldığınız maaşdan az ola bilməz. Əvvəllər ödənişsiz məzuniyyət, sosial məzuniyyət maaşın daha aşağı hesablanmasına səbəb olurdu. Yeni dəyişiklik bunu aradan qaldırır.

     

    Həmçinin, ezamiyyətlə bağlı ödənişsiz məzuniyyətlər və məzuniyyətdən geri çağırılma qaydaları da daha dəqiq tənzimlənir. Bundan sonra bütün növ məzuniyyətlər (əmək, ödənişsiz və s.) işçinin yazılı ərizəsi (kağız və ya elektron) və işəgötürənin əmri ilə rəsmiləşdiriləcək.

    İstisna hal (əmək məzuniyyəti üçün):

    Əgər işəgötürən işçiyə yazılı xəbərdarlıq edibsə, amma işçi məzuniyyət qrafikinə əməl etməyib və məzuniyyətə çıxmaq üçün ərizə verməyibsə,  bu halda işəgötürən işçinin ərizəsi olmadan, öz əmri ilə onu məzuniyyətə göndərə biləcək.


    Əmək hüquqlarınızla bağlı sualınız varsa bizə müraciət edin.

    19.12.2025

    Ətraflı

    right
  • Tekstil sektoru canlanır bəs bu sahibkarlar üçün nə deməkdir?
    Tekstil sektoru canlanır bəs bu sahibkarlar üçün nə deməkdir?

    Azərbaycan Tekstil Assosiasiyası (ATA), Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) birgə təşkil etdikləri “Tekstil sektorunun inkişafı və qlobal inteqrasiyanın təşviqi” adlı seminarda sektorda yeni fürsətlər müzakirə edilib. Seminar çərçivəsində  tekstil sənayesinin beynəlxalq standartlara uyğun inkişafı, dayanıqlılıq, izləniləbilənlik, vergi güzəştləri, sertifikatlaşdırma, qanunvericilik təklifləri, ixrac potensialının artırılması, eləcə də yerli istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində konkret addımların həyata keçirilməsini nəzərdə tutur. 

    Bu tədbir tekstil sektorunda fəaliyyət göstərən və ya bu sahəyə giriş etmək istəyən sahibkarlar üçün bir çox imkanlar yaradır.

     

    Sahibkar olaraq nə etməlisiniz?

    1. Fokus sahəni müəyyən edin - Sahənizi dəqiqləşdirin, bu istehsal, emal, tekstil aksesuarları və ya konfeksiyon ola bilər və xammal-təchizat zəncirini təhlil edin.
       

    2. Qanunvericiliyə uyğunluğunu təmin edin - Sertifikatlaşdırma, keyfiyyət standartları, işçi hüquqları və ətraf mühit tələb-şərtləri kimi aspektlərə vaxtında riayət edin.
       

    3. Biznes modelini ixrac yönümlü qurun - Yerli bazarla yanaşı, xarici bazarlara yönəlmə strategiyasını hazırlayın, logistika, sertifikat, rəqabət analizini nəzərə alın.
       

    4. Riskləri minimuma endirin - Hüquqi və vergi məsələlərində peşəkar dəstək alın, beləliklə, qeyri-şəffaf əməliyyatlar və sonra yaranacaq məsuliyyət risklərindən qaçınmış olarsınız.
       

     

    Tekstil sektoru Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu tekstil fabriki yaratmaq istəyən sahibkarlar üçün yalnız istehsal artımı deyil, həm də qalıcı biznes, ixrac yönümlü fəaliyyət və dayanıqlı sistem qurmaq üçün fürsətdir. Lakin uğur üçün yalnız imkanlar deyil, hüquqi və maliyyə bazanın sağlam qurulması da vacibdir. Tekstil sahəsində yeni fəaliyyətə başlamazdan öncə strategiyanızı hüquqi-vergi hazırlıqları ilə tamamladığınıza əmin olun.

    24.11.2025

    Ətraflı

    right
  • Biznes mühitində MMC üstünlüyünü qoruyur!
    Biznes mühitində MMC üstünlüyünü qoruyur!

    Azərbaycanın biznes mühiti getdikcə daha da aktivləşir. 2025-ci ilin əvvəlindən etibarən ölkədə qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 7,8% artaraq 200.806 vahidə çatıb. Bu göstərici sahibkarlıq fəaliyyətinə marağın artdığını və iqtisadi mühitin canlandığını təsdiqləyir.

     

    Statistikaya əsasən:

    • 91,9% - Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC)
       

    • 1,1% - Səhmdar Cəmiyyətlər (ASC)
       

    • 1,1% - Kooperativlər və digər hüquqi formalar

     

     

    Qeydiyyatdan keçən şirkətlərin 85%-i elektron qaydada təsis edilib. Bu isə ölkədə biznes açma prosesinin daha da sadələşdiyini, rəqəmsal xidmətlərin isə fəal şəkildə genişləndiyini göstərir.

     

    İnvestisiya mənşəyinə görə:

    • 88,5% - yerli investisiyalı
       

    • 11,5% - xarici investisiyalı şirkətlərdir.

     

     

    Rəqəmlər açıq şəkildə göstərir ki, sahibkarlar Azərbaycanda biznes qurarkən daha çox MMC formasına üstünlük verirlər. Bunun əsas səbəbi, bu hüquqi formanın risklərin məhdudlaşdırılması, vergi yükünün az olması və idarəetmədə çeviklik kimi üstünlüklərə malik olmasıdır. Elektron qeydiyyat imkanlarının artması isə ölkədə rəqəmsal sahibkarlığın inkişafına və biznes rahatlığının yüksəlməsinə şərait yaradır.

    Azərbaycan biznes mühiti getdikcə daha da şəffaf və rahat hala gəlir. MMC-lərin üstünlüyü və elektron qeydiyyat sisteminin geniş tətbiqi, gələcəkdə daha çox sahibkarın öz biznesini rəsmi şəkildə təsis etməsinə və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verməsinə imkan yaradacaq.

    21.11.2025

    Ətraflı

    right